Xəbər fabriki APA-dan - VİDEOREPORTAJ
    • 4-06-2019, 18:39
    • 2 252

Xəbər fabriki APA-dan - VİDEOREPORTAJ

Bir neçə aydır fəaliyyətini dayandıran “Azəri-Press” Agentliyi (APA) bu gün gecə saatlarından yenidən onun üçün darıxan oxucularını sevindirdi.

Təməli 2004-cü ildə qoyulan agentlik fəaliyyətini yenidən bərpa edib. Bu isə hər kəsin xəbər istehsal edən fabrik adını verdiyi APA-nın 9 ay öncəki kimi dəqiq və qərəzsiz informasiya ötürəcəyi deməkdir.

APA-nın yenidən bərpa olunması xəbəri səhər saatlarından ölkə mediasının gündəmində, saytların manşet xəbəridir.  

News24.az
saytı bu gün agentliyin qonağı oldu. Binaya daxil olduqda hər kəsin sevincli, lakin bir o qədər də həyəcan və təəccüb içində olduğu hiss olunurdu.
Elə “APA Group”un təsisçisi, ömrünün 15 ilini bu şirkətə həsr edən Vüsalə Mahirqızı da uzun aradan sonra APA-nın geri dönməsi haqda fikirlərini bildirərkən APA-nın qaldığı yerdən davam etdiyini deyib: “Təvazökarlıqdan uzaq olsa da APA xəbər fabrikidir. Burada iş elə qurulub ki, xəbərin gəlməsi, onun işlənməsi, yayılması, istehsalı sistemləşdirilib. Ona görə də həmin sistem olduğu kimi davam edəcək. Köhnə kollektivin böyük əksəriyyəti iş başındadır. Biz xəbəri obyektiv, tərəfsiz və qərəzsiz veririk”.

“APA Group”un baş direktoru Nurşən Quliyev, bu müddət ərzində hər gün APA barədə düşündüyünü deyib: “APA-nın fəaliyyətini dayandırdığı müddətdə elə bir gün olmayıb ki, agentlik və kollektiv haqda düşünməyim. Açılmasını müzakirə edəndə və xəbəri alanda çox sevindirici oldu. 15 il əvvələ, APA-nın yarandığı vaxtlara qayıtdım. O gündən indiyə qədər keçdiyimiz yolu gözümün qarşısından keçirdim və düşündüm ki, bundan sonra ciddi cəhdlə işləyib böyümək lazımdır”.

N.Quliyev onu da əlavə edib ki, APA-nın fəaliyyətinin bərpa edilməsi bir əsərin növbəti abzasdan böyük hərflə başlanğıcıdır. APA tarix yazmaqda davam edir.

“APA Group”u və həmkarlarımızı News24.az adından təbrik edirik!







Teymur MƏMMƏDOV
Video: Fərid ŞABANOV