Ombudsman xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb
    • 4-06-2019, 18:55
    • 1 367

Ombudsman xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılmış “Qayğı” Uşaq Reabilitasiya Mərkəzində təşkil olunmuş tədbirdə iştirak edib.

Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin sədri Sevinc Abdullayeva qonaqları salamlayıb, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, rəhbərlik etdiyi təşkilata daim göstərilən diqqət və dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi təşkilatın məqsədlərinin xüsusi qayğıya ehtiyacı olan, o cümlədən bu Mərkəzdə serebral iflici olan uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsindən ibarət olduğunu vurğulayıb.

Elmira Süleymanova 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü və qarşıdan gələn Ramazan Bayramı münasibətilə uşaqları, onların valideynlərini və Mərkəzin kollektivini təbrik edərək xoş arzularını bildirib.

Ombudsman bütün uşaqların, o cümlədən bu qəbildən olan şəxslərin hüquqlarının müdafiəsi və reabilitasiyası ilə bağlı məsələlərin dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların inkişafı üçün zəruri tədbirlərin görüldüyünü, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara, o cümlədən Daun və auitizm sindromları, serebral iflici olan uşaqlara qayğı göstərildiyini bildirib.

Müvəkkil serebral iflici olan uşaqların vəziyyətini diqqətdə saxlayan, onların reabilitasiyası sahəsindəki səmərəli işinə görə “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və bu quruma böyük həvəslə, bacarıqla rəhbərlik edən S.Abdullayevaya fəaliyyətinə görə təşəkkürlər edib.

Tədbirdə Mərkəzi bu il bitirərək ümumtəhsil məktəbinə getməyə hazırlaşan uşaqların hər birinə xüsusi diplom, foto albom, məktəbli çantası və digər hədiyyələr təqdim olunub.

Uşaqlar özləri şeirlər söyləyib, rəqs nümunələri ilə çıxış edəndən sonra isə nağıl qəhrəmanları tərəfindən onlar üçün musiqili əyləncə təşkil edilib.
Yeri gəlmişkən, İnsan Hüquqları Aylığı çərçivəsində və Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Ombudsman “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb, onları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu Mərkəzin direktor müavini Zərifə Məmmədovaya təqdim etdiyi “Qızıl çinar” beynəlxalq mükafat münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.