Hollivud aktyorlarına bənzəyən MƏŞHUR: “O qədər abırlı idi ki, sevişmə səhnələrinə çəkilmirdi”
    • 26-08-2024, 21:13
    • 803

Hollivud aktyorlarına bənzəyən MƏŞHUR: “O qədər abırlı idi ki, sevişmə səhnələrinə çəkilmirdi”

Allah ondan heç nəyi əsirgəməmişdi: həm istedadlı idi, həm də fakturası ilə həmkarları arasında fərqlənməyi bacarırdı.

Elə buna görə də əksər baş rolların oyunçusu idi. Yaratdığı obrazlarla Azərbaycan milli kinosunda öz sözünü deməyi bacarmışdı…

Xalq artisti, Azərbaycan milli kinosunda əvəzsiz xidmətləri olan məşhur aktyor Həsən Məmmədovun bu gün xatirə günüdür. Fakturasına görə onu Hollivud aktyorlarına bənzədirdilər.

Mərhum aktrisa Nuriyyə Əhmədova mənə danışırdı ki, Türkiyədə “Həm ziyarət, həm ticarət” filminin çəkilişləri zamanı küçədə gəzə bilmirdik. Hər kəs Həsən Məmmədovun başına yığışıb, ona tamaşa edirdi, onunla söhbət etmək istəyirdilər. Hər kəs ondan avtoqraf alırdı. Elə bilirdilər Hollivud aktyorudur.

Bənzərsiz obrazlar qalereyası var idi. Amma mənə verdiyi müsahibələrinin birində ən çox “Böyük dayaq” filmindəki Qaraş obrazını sevdiyini və ona daha çox ruhən yaxın olduğunu deyirdi. Həsən Məmmədov baş rolların oyunçusu olsa da, “yağ-bal” içində yaşayan akytorlardan deyildi. Aktyor maddi sıxıntılar içində yaşayırdı. Ömrünün son illərində ona verilən torpaq sahəsində ev tikmək üçün məmurların qapısında qalan aktyorun döymədiyi qapı qalmadı. Amma icazə kağızını ala bilmədi.

Buna görə xiffət edən aktyor nəhayət ki, problemlərin içində qovrula-qovrula sağlamlığını da itirdi. Xarktercə abırlı adam idi. Sevişmə səhnələrinə çəkilməkdən imtina edirdi. Özünü gözə soxmağı, qapı döyməyi, güzəranı üçün statusundan istifadə etməyi bacarmırdı. Bunu özünə və şəxsiyyətinə sığışdırmırdı. Elə ona görə də bu gün yaddaşlarda şəxsiyyəti ilə sənətkarlığı üst-üstə düşən aktyor kimi qalıb. Həsən Məmmədov bu gün də yaşayır. Onun ömrü çəkildiyi filmlərdə yaratdığı bənzərsiz obrazları ilə davam edir. /yenicag.az