Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI - FOTO
    • Bu gün, 14:12
    • 185

Hicran Hüseynova 10 minlik çantasından DANIŞDI - FOTO

Milli Məclisə seçkilərdə 76.6 faiz səs toplayaraq qalib gələn Hicran Hüseynovanın istifadə etdiyi əl çantası sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bildirilib ki, xanım Hüseynovanın çantasının qiyməti endirimlə 6032 dollardır. Bu isə təqribən 10 000 manat edir.

News24.az bildirir ki, Musavat.com məsələ ilə bağlı Hicran Hüseynova ilə əlaqə saxlayıb. O, yayılan məlumatları təkzib edib:

“Həmin çantanı Çindən gətirtmişəm. Orada çox ucuzdur. Mən heç vaxt baha heç nə almamışam. İkinci də, bu, kimin axmaq ağlına gəlir... Əşi yaxşı, mən belə şeyləri müzakirə etmək istəmirəm”.

Qeyd edək ki, Hicran Hüseynova 42 Saylı Sumqayıt Birinci Seçki Dairəsindən 76.6 faiz səs toplayıb.

O, 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru, tarix üzrə fəlsəfə doktoru, professordur. 20-dən çox monoqrafiya, dərslik və elmi məqalənin müəllifidir. “Şöhrət” ordeni ilə təltif edilib. Fransanın Milli Fəxri Legion ordeninə layiq görülüb. Rus və ingilis dillərini bilir.

1977-1988-ci illərdə Bakı şəhəri 189 saylı orta məktəbin müəllimi, 1988-1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin müəllimi, baş müəllimi, 1993-2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin dosenti, professoru, dekan müavini, 2000-2006-cı illərdə Bakı Dövlət Universiteti Elmi Şurasının sədri olub. 2004-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Elmi Şurasının üzvüdür. 2006-cı ildən Bakı Dövlət Universitetinin Diplomatiya və müasir inteqrasiya kafedrasının müdiridir. 1999-2003-cü illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, 2006–2020-ci illərdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifələrində çalışıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri olub. Evlidir, 2 övladı var.