"Tiktok" ilə təlxəklik etməsinin səbəbi... - FOTO
    • Bu gün, 15:13
    • 220

"Tiktok" ilə təlxəklik etməsinin səbəbi... - FOTO

İnsanlar, düşüncələri, davranışları fərqlidir. Ümumiyyətlə, dünyada nə qədər insan varsa, bir o qədər də fərqli düşüncə, baxış bucağı, yanaşma tərzi var deyə düşünürəm. Çünki hər insan individualdır, hər insanın özünəməxsusluğu var. Bəhs etmək istədiyim mövzu isə insanların fikirlərinin tamamilə paradoks halında olduğu kitablardır. 

Mənə görə, kitablar bir həyat yox, yüzlərlə həyatdır, düşüncədir, baxış aspektidir, maraqdır, yaşamı anlamaq üçün əsas olandır. Dövrümüzün qlobal problemlərindən biri də məhz "kitablardan qaçmaq" olsa, gərək ki. 

Əksər hallarda, yeniyetmə-gənc nəsliin uzaq düşdüyü kitablar onları oxumayanlardan çox şey aparır; ən incə hiss və duyğuları, empatiyanı, böyük düşünməni, bəlkə də, həyatının ola biləcək ən gözəl işığını və saymaqla bitməyəcək bir-birindən fərqli gözəllikləri. Çünki kitab oxumaq sadəcə kitab oxumaq deyil. Adicə 50 səhifəlik keyfiyyətli bir kitabın belə, insana nələr qatacağını müəyyən etmək mümkün deyil.

Fikrimcə, cəmiyyətdə olan əksər problemlərin kökü məhz elə kitab oxumamaqdan, maariflənməməkdən, cahillikdən irəli gəlir. Azyaşlı qızların kitab-dəftərlə məşğul olacağı yerdə evliliyə meyl etməsinin, oğlanların parlaq bir gələcək qura biləcəyi halda avaraya çevrilməsinin, gənclərin teatrla, incəsənətlə, ədəbiyyatla məşğul olmaq yerinə dövrün bəlası olan - "Tiktok" sosial platforması ilə təlxəklik etməsinin səbəbi məhz maarifdən uzaq düşmələridir.

Sağlam cəmiyyət sağlam düşüncədən başlayır. Sağlam düşüncənin kökü isə maarifə, savada, ən əsas da, kitaba gedib çıxır. Məhz bu halda uzun məsafələri qət edə bilərik. 

Ona görə də, oxuyun, oxutdurun! 


Fidan Quliyeva,
Nizami rayonu 10 saylı tam orta məktəbin 11-ci sinif şagirdi