Əhalisi sürətlə qocalan Çində pensiya yaşı qaldırıla bilər
    • Bu gün, 00:06
    • 134

Əhalisi sürətlə qocalan Çində pensiya yaşı qaldırıla bilər

Çinin Xalq Nümayəndələri Konqresi bu həftə ölkənin dünyanın ən aşağı pensiya yaşlarından birini təxirə salmaq üçün rəsmi planını qiymətləndirib. Bu, onilliklər ərzində mövcud olan əmək qanunvericiliyinin dəyişdirilməsi və azalan işçi qüvvəsinin yaratdığı iqtisadi təzyiqlərin yumşaldılması istiqamətində mühüm addımdır.

News24.az AZƏRTAC-a istinadla xəbər verir ki, hakim Kommunist Partiyası iyul ayında Çinin ölkənin pensiya yaşını mərhələli şəkildə qaldıracağını bildirmişdi. Kişilər üçün pensiya yaşı indi 60-dır ki, bu da əksər inkişaf etmiş iqtisadiyyatlardan təxminən altı il aşağıdır, eyni zamanda, bu rəqəm xidmət sektorunda çalışan qadınlar üçün 55, fabriklərdə işləyən qadınlar üçün isə 50-dir.

İnsanların daha uzun müddət işləməsi pensiya büdcəsinə təzyiqi azaldacaq, çünki bir çox Çin əyalətləri artıq böyük kəsirlərlə üzləşir. Bu, həm də pensiyaları gecikdirəcək və yaşlı işçilərin işlərində daha uzun müddət işdə qalmasını tələb edəcək ki, belə hallar onların xoşuna gəlməyə bilər.

Çində 2050-ci ilə qədər gözlənilən ömür uzunluğunun 80 ildən çox olacağı proqnozlaşdırıldığı üçün islahatlara ehtiyac var. Eyni zamanda, yaşlı insanlara dəstək olmaq üçün lazım olan əmək qabiliyyətli əhalinin sayı da azalır.

Milli səhiyyə orqanları 60 və daha yuxarı yaşda olan insanların sayının 2035-ci ilə qədər 280 milyondan təqribən 400 milyona çatacağını gözləyirlər ki, bu da Böyük Britaniya və ABŞ-ın indiki əhalisinə bərabərdir.

Hazırda hər bir çinli təqaüdçü beş işçinin töhfələri ilə dəstəklənir. Bu, on il əvvəlki göstəricinin yarısı qədərdir və 2030-cu ilə qədər 4:1 və 2050-ci ilə qədər 2:1 nisbətinə doğru gedir.

Bu rəqəmlərlə bağlı 100 mindən çox insan Sinxua agentliyinin məqaləsinə “Weibo” sosial şəbəkəsində şərhlər yazaraq, gənclər arasında işsizliklə əlaqədar vəziyyətin pisləşməsindən, eləcə də pensiya ödənişlərinin gecikdirilməsi səbəbindən yaşlı insanların daha uzun müddət işləməsindən narahatlığını bildirib.