-
- 13-09-2024, 23:23
- 6 321
“O əclafları qovacağıq”
Gürcüstanda qəbul edilən xarici agentlər haqqında qanun ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsində müzakirə olunub.
News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, iclasda Gürcüstanı “Transparency İntenational – Georgia” təşkilatının rəhbəri Eka Qiqauri təmsil edib.
Senator Cim Riş ondan Gürcüstanın son zamanlarda niyə Rusiyaya tərəf yön aldığını soruşub. Qiqauri isə cavabında uzun illər ərzində hökumətin Qərb dəyərlərinə qarşı dezinformasiya kampaniyası apardığını, amma cəmiyyətin böyük hissəsinin Avropaya inteqrasiyanı istədiyini bildirib:
“Hökumət xalqın emosiyaları ilə oynayır. Lakin buna rəğmən əksəriyyət yenə Qərbə inteqrasiyanın tərəfdarıdır”, – Qiqauri bildirib.
Senator oktyabrda Gürcüstanda keçiriləcək seçkilərin diqqətlə izləniləcəyini deyib:
“Siz mənə ümid verin ki, əksəriyyət doğru seçim etmək istəyir. Seçkiləri müşahidə edəcəyik. Əgər sizin gürcü xalqıyla bağlı dedikləriniz doğrudursa, o zaman bizim oktyabrda bu əclafları qovmaq şansımız olacaq. Biz prosesi izləyib, sizin üçün dua edəcəyik. Ümid edirəm ki, sizə kömək edə biləcəyik”.
E.Qiqauri digər senator Ben Kardinin Moskvanın Gürcüstanın antidemokratik addımlarını dəstəkləməsi ilə bağlı sualına da cavab verib:
“Xarici agentlər haqqında qanun qəbul olunanda Rusiyada bizim hökuməti tərifləyirdilər. Bir müddət əvvəl META Moskvaya bağlı 60 saxta hesabı silib. Həmin hesablar vasitəsilə etirazçılar əleyhinə çıxışlar edilir, onların nüfuzunu ləkələyirdilər. Paralel olaraq isə hökuməti də dəstəkləyirdilər. Ona görə də Gürcüstanda demokratiyanın olmaması, həqiqətən, Rusiyanın maraqları ilə bağlıdır”.
Daha sonra çıxış edən senator Cin Şahin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə əlaqə saxladığını deyib. Senatorun sözlərinə görə, baş nazir ondan ABŞ-ın Tbilisidə hökuməti tənqid edən QHT-lərə yardımı dayandırmasını istəyib. İ.Kobaxidze Şahinin bu iddialarını bir müddət öncə təkzib etmişdi.
Eka Qiqauri çıxışı zamanı senatorlardan Gürcüstana sanksiya tətbiqini tələb edib. Lakin o sanksiyaların xalqa yox, Gürcüstanın ayrı-ayrı şəxslərinə tətbiq edilməli olduğunu deyib.
“Əgər gürcü demokratiyası məğlub olarsa, ölkə yenidən Rusiya orbitinə düşəcək. Kreml bizi arxa qapısı kimi görməyə başlayacaq”, – Qiqauri bildirib.