-
- 13-06-2019, 17:52
- 989
İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman tərəfindən silsilə tədbirlər DAVAM ETDİRİLİR
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə 18 may - 18 iyun tarixində keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər davam etdirilir.
Ombudsman Aparatından News24.az-a verilən məlumata görə, bu sırada növbəti “Uşaqlar Dünyanın çiçəkləridir!” devizi altında tədbiri Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksində həyata keçirilib. Bu maraqlı tədbirə Ombudsman Apartının əməkdaşları Gülnar Rəhimova və Nigar Ağayeva, Nəsimi Rayonİcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, BSU məktəb-lisey kompleksinin direktoru İlahə Carçıyeva, çoxsaylı şagirdlər, müəllimlər və valideynlər qatılıblar.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini G.Verdiyeva və məktəb-lisey kompleksin direktoru İ.Carçıyeva Müvəkkilə təşəkkürünü bildirib, bu cür tədbirlərinin böyük əhəmiyyət daşıdığını vurğulayıb və hüquqi maarifləndirmə tədbirlərinin həm uşaqlar, həm valideynəri arasında davamlı olmasını arzu ediblər. Tədbirin ikinci hissəsi uşaqların bir - birindən maraqlı musiqi-ədəbikompozisiya və ifaları ilə davam edib. Məktəb kollektivi Ombudsmana uşaq hüquqlarının müdafiəsi və maarifləndirilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətə görə minnətdarlığını bildiriblər.
Habelə Ombudsmanın Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayonu Texniki Təbiət Fənləri Təmayüllü Liseydə, Samux rayonu 2 saylı və Şəmkir rayonu Düyərli kənd 1 saylı tam orta məktəblərdə, Gəncə Dövlət Universitetində, Şəki Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Mazıx kəndində, Qax rayonu Ləkit kəndində, Qəbələ rayonu Zarağan kəndində, Şəki 6 saylı tam orta məktəbdə, Oğuz rayonu və Mingəçevir şəhərində, Cəlilabad Regional Mərkəzi tərəfindən Biləsuvar şəhər 4 saylı, Lənkəran rayonu Tütəpeştə və Kənarmeşə kənd tam orta məktəblərində, habelə Lənkəran Peşə Liseyində, Quba Regional Mərkəzi tərəfindən isə Xaçmaz rayonu Nərəcan kəndində, Qusar rayon Gənclər Evində, Siyəzən şəhər 3 saylı və Xızı rayon Şorabad qəsəbə tam orta məktəblərində, Quba Soyqırım Memorial Komleksində və Quba rayonu İsnovqışlaq kəndində silsilə tədbirlər keçirilir. Regionlardakı tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və özünü idarəetmə orqanlarının, QHT-lərin nümayəndələri, çoxsaylı fəal gənclər, müəllim və şagirdlər, geniş ictimaiyyət iştirak ediblər.
İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər həmçinin Ombudsmanın uşaq hüquqları üzrə resurs mərkəzi olan, Azərbaycan Qadın və İnkişaf Mərkəzi nəzdində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) müntəzəm və səmərəli fəaliyyət göstərən, Bakı şəhərinin müxtəlif məktəblərində təhsil alan 100-dən çox şagirdi birləşdirən Liderlik Məktəbində, Ahılların Resurs Mərkəzində də keçirilib.
Habelə AUGSŞ ötən illərdə olduğu kimi, bu il də Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirib. Qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib.
Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in nümayəndələri, AUGSŞ-in Liderlik məktəbinin üzvləri iştirak ediblər. Tədbir çərçivəsində uşaqların plastik məişət tullantılarından hazırlanan əl işlərindən ibarət maraqlı sərgi təşkil olunub, Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə məlumatlar və prezentasiyalar dinlənilib, onlar bu mövzuda bir-birindən maraqlı ədəbi təqdimatlar, eləcə də maraqlı solo musiqi ifaları ilə çıxış ediblər. Tədbirin sonunda Liderlik Məktəbinin üzvləri Park ərazisində xatirə ağacı əkiblər.
Eyni zamanda Aparatın və regional mərkəzlərin əməkdaşları tərəfindən Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları üzrə pilləli tədris proqramı keçirilən paytaxt və regionlardakı bir sıra məktəblərdə də İnsan Hüquqları Aylığı çərçivəsində tədbirlər keçirilib, çoxsaylı müəllimlər və şagirdlər cəlb edilib.
Qeyd olunan bütün silsilə tədbirlərdə Ombudsmanın nümayəndələri çıxış edərək bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə, hər il olduğu kimi, bu il də Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları Aylığı elan olunub.
Vurğulanıb ki, dövlət başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndləri əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.
Ombudsmanın regional mərkəzlərin rəhbərləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında, habelə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq paktlar, BMT-nin digər mühüm sənədləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası barədə ətraflı məlumat veriblər.
İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar, Ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm və aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalarla qoyulub.
Ombudsmanıninsan hüquqlarının təmini və müdafiəsində rolu, çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları, QHT və KİV-lər, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, hüquqi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılıb. Tədbirlərin yekununda iştirakçılar İnsan Hüquqları Aylığı çərçivəsində təşkil olunan belə tədbirlərə görə Ombudsmana təşəkkürlərini bildiriblər.