Sülh müqaviləsi belə imzalanacaq: Bakının son şərtləri...
    • 22-09-2024, 16:03
    • 321

Sülh müqaviləsi belə imzalanacaq: Bakının son şərtləri...


“Sülh həm də xalqlar arasında imzalanmalıdır” deyimi aforizm formasında səslənmiş, zamanlama baxımından da yerinə düşən bir ifadədir. Çünki yalnız dövlətlərin barışması yetərli olmur. Xalqların, ziyalıların barışması da çox önəmlidir.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib.

O qeyd edib ki, bu bölgədə hər kəsin öz hüdudlarını tanıması, bununla kifayətlənməsi olduqca vacibdir:

“Ermənistan bu hüdudları tanımadığına, bununla kifayətlənmədiyinə görə faciələr yaşadı. İndi isə yeni faciələr yaşamaq istəmirlərsə, buna təkcə dövlət qarantiya olmamalıdır. Həm də erməni xalqı buna qarantıya verməlidir. Çünki Ermənistan zəif, kövrək dövlətdir. O istənilən vaxt müəyyən təlatümdən darmadağın ola biləcək mahiyyətdədir”.

Partiya sədri hesab edir ki, Ermənistan dövlətinin alt qatında ona həmişə müəyyən problemlər yaşadan kilsə dayanır:

“Kilsə ilə yanaşı “ziyalı elitası” da Ermənistana problemlər yaşadıb. Xalqın müxtəlif təbəqələri də bu dövlət üçün zaman-zaman baş ağrısına çevrilib. Erməni cəmiyyətində uydurma böyük Ermənistan xəstəliyinə yoluxmuş daşıyıcılar var”.

Fazil Mustafaya görə, Azərbaycanın bu reallıqları nəzərə alaraq ortaya qoyduğu mövqe tamamilə məntiqlidir:

“Bunun nəticələrini erməni tərəfi təhlil edib bu davranışı məqbul hesab edəcək. Çünki qalıcı sülhdən söhbət gedirsə, nəyinsə xatirinə formal, zamanı bir az da yola vermək üçün bağlanan sülhün gələcəyi olmur. Bunu tarix sübut edib. I və II Dünya müharibəsinin də səbəbi məhz budur. Ona görə də, gələcək üçün heç bir bəhanələrə yer saxlamaq olmaz”.