Sumqayıtın "Rossiya" kinoteatrının yerində "Mall"  tikilir? - AÇIQLAMA
    • 17-06-2019, 10:59
    • 3 255

Sumqayıtın "Rossiya" kinoteatrının yerində "Mall" tikilir? - AÇIQLAMA

Sumqayıt şəhərində uzun illərdir istifadəyə yararsız olan “Nizami” (keçmiş “Rossiya”) kinoteatrı tamamilə sökülüb və yerində başqa bir binanın tikintisi aparılır. 

Bu ərazinin yaxınlığında yaşayan sakinlərin News24.az-a verdikləri məlumata görə, tikilinin yerində "Sumqayıt Mall" olacaq. Sakinlərdən biri Elmira Əliyeva bildirib ki, kinoteatr söküləndə göz yaşlarını saxlaya bilməyib: "Biz qonşular kinoteatrımız söküləndə o qədər ağladıq ki... Çünki demək olar ki, bütün ömrümüz bu şəhərdə keçib, bu kinoteatrla bağlı o qədər gözəl xatirələrimiz var ki. Bura söküləndə bütün xatirələrimiz darmadağın oldu..." 

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən "Mall" tikilməsi xəbəri təkzib edilib. Bildiriblər ki, kinoteatr yararsız vəziyyətdə olduğuna görə sökülür, əvəzində müasir standartlara cavab verən yeni kinoteatr qurulacaq. Bununla bağlı əvvəldən tender elan olunub və binada əsaslı təmir işləri aparılır.

Xatırladaq ki, kinoteatr ötən əsrin 60-cı illərində tikilib. Vaxtilə şəhər sakinlərinin ən çox üz tutduğu mədəniyyət ocaqlarından biri olan ikimərtəbəli, 600 nəfərlik tamaşa zalı olan kinoteatrda bu günə kimi heç bir təmir aparılmayıb, avadınlıqlar, oturacaqlar yararsız vəziyyətə düşüb.

Afaq Mirayiq