345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat
    • 26-09-2024, 18:21
    • 860

345 manat maaş, 280 manat pensiya ilə yaşamaq... - Deputat

Ölkə başçısı çıxışında bildirib ki, bizim gələcək planlarımızı həll etmək, o cümlədən vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün iqtisadiyyat daim inkişaf etməlidir. Ölkəmizdə 2018-ci ildən bu yana dörd sosial islahatlar paketi həyata keçirilib. Bu sosial islahatlar paketinin məbləği 7 milyard manatdır və bu, 4 milyon insanı əhatə edib.

News24.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a müsahibəsində Milli Məclisin deputatı, iqtisadçı-alim Əli Məsimli deyib.

O bildirib ki, gələn ildən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaq:

"Rəsmi məlumatlara görə, 2025-ci ildə Azərbaycanda əmək haqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi, 2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Təbii ki, hazırkı yüksək qiymətlər fonunda istər 345 manatlıq minimum aylıq əmək haqqı, istərsə də 280 manatlıq minimum pensiya həmin kateqoriyaya aid insanların minimum səviyyədə belə yaşaması üçün yetərli deyil".

Deputat əlavə edib ki, hazırda hökumətdə 2025-ci ilin dövlət büdcəsinin müzakirələri gedir:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən rəsmi açıqlamaya görə, bu il noyabrın 1-dək nazirlik tərəfindən minimum əmək haqqının artırılması ilə bağlı təkliflər hazırlanaraq təqdim olunacaq. Bu, 2025-ci ilin Büdcə Zərfi sənədlərində öz əksini tapacaq. Gələn il dövlət büdcəsində sosial müdafiə və sosial təminat üzrə xərclərə 4 milyard 998 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 607 milyon manat və ya 13,8 faiz çoxdur. Həmin rəqəmlərdən çıxış edərək demək olar ki, sosial müdafiə və sosial təminat üzrə xərclərin də sözügedən səviyyədə olması əmək haqqı, pensiya, müavinətlər sahəsində kəskin artım həyata keçirmək üçün yetərli deyil. Hələlik gələn ilin büdcə zərfi Milli Məclisə daxil olmadığından, minimum əmək haqqı və minimum pensiyanın hökumət tərəfindən nə qədər artırılacağı barədə konkret rəqəm demək mümkün deyil. Amma minimum əmək haqqı və minimum pensiyanın artım dinamikasından çıxış edərək təxmin etmək olar ki, büdcə zərfində öz əksini tapan rəqəmlər minimum əmək haqqı üzrə 400 manat ətrafında, minimum pensiya isə 320-330 manat civarında ola bilər".