-
- 8-10-2024, 20:57
- 473
"Övladınızla bu qısa yolu paylaşmaq..." - Valideynlərə ÇAĞIRIŞ
Bəzi valideynlər övladlarını məktəbə gətirərkən avtomobillərini təhsil müəssisəsinin girişinə qədər sürürlər. Hətta onlar maşınlarını siniflərin yerləşdiyi mərtəbənin yaxınlığında da dayandırmaq istəyirlər. Bu isə haqlı olaraq müəyyən problemlərə səbəb olur.
News24.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib ki, bu, təkcə digər valideynlər və şagirdlər üçün narahatlıq yaratmır, həm də məktəb ətrafındakı nəqliyyatın sıxlığını artırır və təhlükəsizliyi azaldır:
“Valideynlər avtomobilləri ilə məktəbin girişini bağlayaraq bura daxil olan insanların və digər nəqliyyat vasitələrinin hərəkətinə mane olurlar. Bu, məktəb yolu boyunca nəqliyyatın dayanmasına və ya tıxacların yaranmasına səbəb olur. Məktəbin girişində hər gün avtomobillərin, siqnal səslərinin arasında məktəbə girməyə çalışan uşaqların, velosiped sürənlərin və piyadaların təhlükəsizliyi risk altına düşür. Valideynlər avtomobillərini bir az uzaqda saxlamalı və övladı ilə birlikdə piyada getməlidirlər”.
Ekspert bildirib ki, qeyd edilən tövsiyə yalnız tıxacın qarşısını almaq üçün deyil, həm də uşaqlarla daha çox vaxt keçirmək üçün bir fürsətdir:
“Övladınızın əlindən tutub onunla məktəbə gedərkən yolda söhbət etmək, onun gününə hazırlıqla bağlı fikirlərini dinləmək, məktəbdə onu nə gözlədiyini öyrənmək üçün ideal bir andır. Uşaqla bu qısa yolu paylaşmaq həm sizin aranızdakı münasibəti gücləndirəcək, həm də ona daha çox dəstək və sevgi verdiyinizi göstərəcək. Həmçinin bu addım məktəbin ətrafında digər valideynlərin və şagirdlərin təhlükəsizliyini təmin edəcək, hər kəsin rahat hərəkət etməsinə imkan yaradacaq”.