-
- 9-10-2024, 11:45
- 2 838
Zəfərə aparan yol - Hadrutun işğaldan azad olunmasından 4 il ötür
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.
27 sentyabr 2020-ci ildə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən işğalından azad edilib.
Hadrut əməliyyatı 44 günlük müharibənin zəfərlə yekunlaşmasında əsas amillərdən biri olub.
Hərbi ekspert Ramil Məmmədli News24.az-a Hadrutun düşmən tapdağın azad olunması üçün Azərbaycan Ordusunun qarşısına qoyulan tapşırıqlardan danışıb:
“Cəbrayıl istiqamətində mövqelərini gücləndirən, işğaldan azad edən Azərbaycan Ordusu üçün qarşıda bir neçə istiqamət dayanmışdı. Arazboyu əməliyyatları davam etdirmək, cəbhənin qərb istiqamətində, yəni Qubadlı istiqamətində mövqeləri gücləndirmək, Dağ Tumas və sonrakı mövqelərdə irəliləmək, ən əsası isə Hadrut, Ərgünəş istiqamətində hücum tapşırıqlarını davam etdirmək. Təbii ki, Ermənistan tərəfinin hesablamalarına görə, Azərbaycan ordusunun Füzuli şəhərindən sonra Hadrut əməliyyatını həyata keçirəcəyini düşünürdü. Lakin silahlı qüvvələrimiz Cəbrayıl ərazisindən daxil olmaqla, Hadrut yaşayış məntəqəsi və Ərgünəş dağı istiqamətində mövqelərini gücləndirməyə başladı. Əvvəlcə yüksəkliklər sonra isə strateji məntəqələr nəzarətə götürüldü, işğaldan azad edildi”.
Ekpert həmçinin Hadrut və Ərgünəş yüksəkliyinin əhəmiyyətinə də diqqət çəkib: “Bunu iki istiqamətdə təhlil edə bilərik. Birincisi Azərbaycan Ordusunun Qarabağın dağlıq hissəsində, yəni cənub cəbhəsində mövqeyini gücləndirməsi, ikincisi isə Ermənistan ordusunu artıq daha dərinliyə geri çəkilməsinə məcbur etmək və həmçinin Böyük Kirs dağı, Şuşa, Qırmızı bazar, Xocavənd istiqamətində mövqeləri gücləndirmək. Bununla yanaşı həmçinin həmin günlərdə Füzuli və Qarğabazar istiqamətində döyüş əməliyyatları aparan, hətta əks hücum əməliyyatı həyata keçirməyə cəhd edən Ermənistan ordusu ilə əsas hərbi birləşmələr arasında, yəni Şuşa Xankəndi, Qırmızıbazar ərazisində olan birləşmələr arasında təchizat yolunun bağlanması idi. Məhz bu əsas amillər Hadrutu bu qədər əhəmiyyətli edirdi. Hadrut işğaldan azad olunandan sonra Azərbaycan Ordusu həm təchizat yollarına nəzarət etməyə başladı, həmçinin də digər əməliyyatların həyata keçirilməsinə start verdi. Bununla da, cəbhə zolağı böyüdü və artıq Ermənistan ordusu müdafiəni tam təmin edə bilmədi”.
Azərbaycan Ordusunun çavuşu Hadrut əməliyyatı ilə bağlı danışarkən düşmənin qorxaraq mövqeləri tərk etdiyini vurğulayıb: “Ali Baş Komandanın əmri ilə 2020-ci il sentyabrın 27-də əks-hücumla döyüş başladı. Füzuli istiqamətindən Cəbrayıl istiqamətinə əks-hücuma keçdik. Ağır döyüşlər gedirdi. Düşmənin itkiləri çox idi. Qorxub qaçırdı. İki-üçüncü gün Hadrut istiqamətinə çatdıq və dört tərəfdən mühasirəyə aldıq. Hadrutu azad etdikdən sonra isə Şuşa istiqamətində hücuma keçdik”.
Ordumuzun giziri düşmənin Hadrutu alınmaz qala hesab etdiyini deyib: “Düşmən Azərbaycan Ordusu qarşısında buranı qoruyub saxlamağı bacarmadı. Ordumuz qısa zaman ərzində Hadrutu işğaldan azad etdi. Düşmənə ağır itkilərə verərək, döyüş texnikalarını sıradan çıxararaq, geri çəkilməyə məcbur etdik. Düşmən Azərbaycan Ordusu qarşısında mövqelərini tərk edərək, yaralı hərbçilərini qoyaraq qaçırdı”.
Azərbaycan Ordusunun leytenantı 27 sentyabr 2020-ci ildə düşmənin çoxsaylı təxribatının qarşısının alınması məqsədi ilə yuxarı komandanlıq tərəfindən bütün istiqamətlər üzrə döyüş tapşırıqları verildiyini, tabor və bölmə olaraq Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı istiqamətində döyüş tapşırıqlarının icrasına başladıqlarını bildirib: “Biz bölük olaraq Füzuli, Cəbrayıl, Hadrut və Şuşa ətrafında döyüş tapşırıqlarını icra etmişik. Cəbrayıl istiqamətində Xüsusi Təyinatlıların tərkibinə bizdən iki qrup ayrılmışdı. Oradan hərəkət edib Füzuli rayonu Qarazıllı kəndi istiqamətinə düşdük. Kənddə düşmən heyəti var idi və onlar məhv edildi. Daha sonra Qarakollu istiqamətindən Qarazıllı-Hadrut yolu istiqamətində düşmənin 85 nəfərə yaxın şəxsi heyəti qaçmaq istəyən zaman pusquya salınaraq məhv edildi”.
Teymur Məmmədov