Qanımızı tökəcək, bizi bir-birimizə qırdıracaqlar! - Elxan Şükürlü
    • 11-10-2024, 15:00
    • 745

Qanımızı tökəcək, bizi bir-birimizə qırdıracaqlar! - Elxan Şükürlü

İsrailin Fələstin, Livan və Suriyada müsəlmanlara qarşı törətdiyi bütün cinayətlərin arxasında duran, onu işğal və soyqırımla öz ərazilərini genişləndirməyə həvəsləndirən əsas güc, şübhəsiz ki, ABŞ-dır.

ABŞ-ın Yaxın Şərqdə – 11 müsəlman ölkəsində yerləşdirdiyi 50-yə yaxın hərbi bazasının əsas missiyası həm bu ölkələrin Qərbə xidmət edən hakimiyyətlərini, sülalə rejimlərini qorumaq, həm də İsrailin təhlükəsizliyini təmin etməkdir. Həqiqətən, ABŞ-ın dəstəyi olmazsa, İsraili bircə gün içərisində məğlub edərlər!

Hazırda 60 min nəfərdən çox amerikalı hərbçinin xidmət keçdiyi bu bazalar enerji qaynaqlarıyla zəngin və əsas nəqliyyat arteriyalarına sahib İslam coğrafiyasını nəzarətdə saxlayacaq hərbi-siyasi əməliyyatların hazırlandığı, icra və koordinasiya edildiyi əsas mərkəzlərdir.

Özünü müsəlman sayan, İslam dininə xidmət etdiyini deyən ölkələr, ilk növbədə, iradə göstərib, ərazilərindəki ABŞ hərbi bazlarının fəaliyyətinə son qoymağı, torpaqlarından çıxarmağı bacarmalıdırlar!
Nə qədər ki bu bazlar müsəlman ölkələrinin ərazisindədir, nə dinimizin, nə də evimizin sahibi özümüz ola biləcəyik – ya özləri ümmətimizin qanını tökəcək, ya da bizi beləcə bir-birimizə qırdıracaqlar!

Bir dəfə yazmışdım, indi təkrar xatırladıram: bütün günü “haqq məzhəb bizik” davası aparanlar bir dönüb ABŞ hərbi bazlarının yerləşdiyi müsəlman ölkələrin siyahısına baxsınlar və yalnız bundan sonra danışsınlar!

Bakupost.az

Bu, hələ açıq mənbələrdə - müxtəlif media qurumlarının araşdırmalarında ABŞ hərbi bazaları haqqında yer alan məlumatlardır:

1. Qətər – ABŞ-ın ən böyük və müasir texnologiyalarla təchiz edilmiş “Əbu-Udeyd” hava bazası və “Əs-Seyliyə” düşərgəsi burada yerləşir, 13 mindən çox hərbçinin xidmət keçdiyi bildirilir;

2. Bəhreyn – ABŞ-ın Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 5-ci hərbi dəniz donanması, eləcə də 3-cü ABŞ Ordusu Qərargahı burada yerləşir, “Şeyx İsa” və “Məhərrəq” bazalarında 9 min amerikalı hərbçinin xidmət keçdiyi deyilir;

3. Küveyt – Say etibarilə ən çox amerikalı hərbçi bu ölkədə yerləşib. “Əli əl-Salem”, “Əhməd əl-Cabir” hava bazalarında, “Arifcan”, “Vatansever” və “Buehrinq” düşərgələrində 15 mindən çox amerikalı hərbçinin xidmət keçdiyi deyilir;

4. Səudiyyə Ərəbistanı – 2022-ci ildə Ər-Riyadın yaxınlığındakı “İskan” qəsəbəsində modern hərbi təhsil missiyası adı altında 2700 amerikalı hərbçinin yerləşdirildiyi deyilir;

5. Birləşmiş Ərəb Əmirlikləri – “Əl-Zəfra” bazası və “Cəbəl Ali” limanında 5 minə qədər amerikalı hərbçinin olduğu bildirilir;

6. Misir – Qahirənin qərbində ABŞ hərbi hava bazası yerləşib, şəxsi heyətin sayı barədə məlumat verilmir, daha çox yanacaq təminatı üçün istifadə edildiyi deyilir;

7. Suriya – İŞİD-lə mübarizə adı altında son illər burada ABŞ-ın 18 hərbi bazasının və düşərgəsinin qurulduğu, 2000 amerikalı hərbçinin xidmət keçdiyi bldirilir;

8. İordaniya – “Muvaffak əl-Salti” bazasında 3 minə yaxın amerikalı hərbçinin olduğu deyilir;

9. İraq – 9 hərbi bazada 6 mindən çox amerikalı hərbçinin olduğu deyilir. “Victory”, “Taci”, “Habaniyyə”, “Eynül-Əsəd”, “Beled”, Kərkükdə “K-1” və Mosuldakı “Geyyara”, Ərbildəki “Ərbil” və “Hərir” bazaları amerikalıların istifadəsindədir;

10. Oman – bu ölkədə amerikalıların 600 nəfərdən çox hərbçisinin olduğu bildirilir;

11. Türkiyə - NATO üzvü olan Türkiyənin 16 nöqtəsində ABŞ Silahlı Qüvvələrinə aid hərbi bazanın oduğu və bu bazalarda 1800 (bəzi mənbələrdə 2500) nəfərə yaxın amerikalı hərbçinin olduğu deyilir. ABŞ-ın Türkiyədəki ən böyük hərbi bazası isə Adana və İzmirdə yerləşir.