Çinin Mars planları: 2033-cü ildə daimi baza quracaq
    • 19-10-2024, 09:00
    • 295

Çinin Mars planları: 2033-cü ildə daimi baza quracaq

Çin 2033-cü ilə qədər Marsa insanlı missiyalar təşkil etməyi və orada daimi baza qurmağı planlaşdırır.

Lent.az xəbər verir ki, Çin 2050-ci ilə qədər uzanan yol xəritəsini dərc edərək, kosmos elmi və tədqiqatları sahəsində iddialı hədəflərini açıqlayıb.

Çin Elmlər Akademiyası (CAS), Çin Milli Kosmik İdarəsi (CNSA) və Çin İnsanlı Kosmik Agentliyinin (CMSE) birgə hazırladığı "Kosmik Elm üzrə Milli Orta və Uzunmüddətli İnkişaf Planı (2024-2050)" Çinin kosmosda gələcək planlarını qurur.

Plana 2050-ci ilə qədər üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan kompleks proqram daxildir.

Bu mərhələlər Çinin kosmosdakı mövcudluğunu gücləndirmək, elmi araşdırmaları dərinləşdirmək və qlobal kosmik tədqiqatlarda lider mövqeyə yüksəlmək məqsədi daşıyır.

Chang'e adlı Ay kəşfiyyat proqramı ilə 2030-cu ilə qədər Aya ekipajlı missiyalar təşkil etməyi və Ayın cənub qütbü ətrafında daimi baza qurmağı hədəfləyən Çin, 2033-cü ilə qədər Marsa insanlı missiyalar göndərməyi planlaşdırır.

Çin bu iddialı planla kosmos tədqiqatlarında mühüm suallara cavab axtarmağı və NASA-ya güclü rəqib olmağı hədəfləyir.

Çinin NASA-ya rəqib olub-olmaması müzakirəyə açıq məsələdir. Çin son illərdə kosmos sahəsinə böyük sərmayələr yatıraraq əhəmiyyətli uğurlar əldə edib.

Bununla belə, NASA-nın çoxillik təcrübəsi və məlumat bazası hələ də ona əhəmiyyətli bir üstünlük təmin edir.