Ərdoğandan mühüm SÜLH PLANI - Bu müharibə bitir?
    • Bu gün, 13:45
    • 150

Ərdoğandan mühüm SÜLH PLANI - Bu müharibə bitir?

"Rusiya-Ukrayna müharibəsini bitirmək istiqamətində ən real addımlar atan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır". 

Bu sözləri News24.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib. 

Onun sözlərinə görə, Ərdoğanın səyləri nəticəsində 2022-ci ilin martında "İstanbul Razılaşması" imzalanıb. 

“Çox təəssüf ki, sənədi imzalayan Ukrayna tərəfi az sonra layihədən imtina etdi. Ancaq yenə də Türkiyə prezidenti yeni təkliflər verdi və sülh sazişinin imzalanması üçün ən real addımlar yenə də Türkiyə tərəfindən atıldı. İndi də bir çox təkliflər mövcuddur. Çinin Braziliya ilə birlikdə hazırladığı təklif, Afrika ölkələrinin müəyyən təklifləri oldu. Bundan başqa, Putinin özünün sülh planı ortaya çıxdı və Zelenski bundan imtina etdi", - deyə o qeyd edib. 

Eyni zamanda, politoloq əlavə edib ki, Trampın da planı var. 

"Amma bütün bu planların hər birinin reallaşması qeyri-mümkündür. Təkliflərin əsasən də Ukrayna tərəfindən qəbul olunması çox çətindir.

Bu məqamda sual yaranır, Ərdoğanın sülh çağırışı ilə çıxış etməsi nəticə verə bilərmi? 

Güman edirəm ki, nəticəsi olmayacaq. Çünki Rusiya Ukraynanın böyük bir ərazisini işğal edib, yerdə qalan 4 vilayətin müəyyən qədər ərazisini Ukraynadan tələb edir, eyni zamanda, Ukraynanın NATO-ya üzv olmamasını, neytral olmasını və sanksiyaların aradan qaldırılmasını tələb edir", - deyə o bildirib. 

A.Səmədov vurğulayıb ki, qarşı tərəfin mövqeyini nəzərə almadan irəli sürülən sülh planının reallaşdırmaq imkanı çox çətindir. 

"Rusiyanın istəyi ilə olan sülh planının da Ukraynanın qəbul etməsi də real deyil. O zaman ortaya bu sual çıxır: Belə bir məqamda orta yol tapmaq mümkündür?

İndiki şəraitdə onu demək olar ki, nə qədər ki, döyüş şəraitində Ukrayna ciddi uğurlar əldə etməyib, verilən təkliflər daha çox Rusiyanı qane etməlidir, çünki cəbhədə vəziyyət onun xeyrinədir. 

Ancaq Ukrayna bir tərəfdən sülh planını qəbul etməlidir, çünki 2023-cü ildən bu günə qədər ciddi uğur əldə etməyib. 

Hazırda Rusiyanın üstünlüyü göz önündədir, Qərb də müharibədən yorulub. Hazırda Türkiyədən daha çox Tramp sülhün imzalanmasında mühüm addımlar ata bilər. İndiki şəraitdə sülhə nail olmaq üçün ABŞ prezidenti Doland Trampın addımların mühüm rol oynayacaq”, - deyə o, fikirlərini yekunlaşdırıb.

Ağa Dadaşzadə