Nazirlik əmək bazarındakı vəziyyəti ANALİZ EDİB - FOTO
    • 6-07-2019, 14:40
    • 863

Nazirlik əmək bazarındakı vəziyyəti ANALİZ EDİB - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iclasda Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Sosial normativ aktlar idarəsi,  Vergilər Nazirliyinin, Təhsil Nazirliyi yanında PeşəTəhsili üzrə Dövlət Agentliyinin,  Dövlət Statistika Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun, “Ekvita”, “Ernst & Young Azerbaijan”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, “KPMG Azerbaijan Ltd”, “PricewaterhouseCoopers Azerbaijan” və “Deloitte Azerbaijan” şirkətlərinin, “Bakı Hüquq Mərkəzi" Hüquq Şirkəti MMC-nin nümayəndələri iştirak edib.

İşçi qrupun rəhbəri, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini qeyd edib. O, əsas beynəlxalq indekslərdə Azərbaycanın digər sahələrlə yanaşı, əmək bazarı üzrə mövqeyinin də güclənməkdə davam etdiyini vurğulayıb.

Nazir müavini dövlət başçısının 4 iyul 2019-cu il tarixli Fərmanına əsasən nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılacağını deyib. Observatoriyanın məşğulluq və sosial müdafiə sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün mütərəqqi dünya təcrübəsi əsasında monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılması baxımından xüsusi önəmini vurğulayıb.

M.Kərimli beynəlxalq indekslərdə ölkəmizin əmək bazarı göstəricilərinin daha da yaxşılaşması üçün işlərin davam etdirildiyini bildirib, bu istiqamətdə atılan mühüm addımlardan bəhs edib. Əmək bazarı üzrə işçi qrupunun gördüyü işləri, icrası nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.  

İclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı İşçi qrupunun yeni üzvləri təqdim edilib. Daha sonra işçi qrupunun 2019-cu il üçün Fəaliyyət Planının hesabatının müzakirəsi keçirilib. Müvafiq təkliflər verilib və görüləcək işlər müzakirə edilib.