Qatarda cərəyan qəbuledicisi zədələnib - Azərbaycan Dəmir Yolları QSC
    • 9-07-2019, 17:09
    • 1 042

Qatarda cərəyan qəbuledicisi zədələnib - Azərbaycan Dəmir Yolları QSC

Bəzi kütləvi informasiya vasitələrində dəmir yolunun Padar-Sığırlı mənzilində dünən gecə baş vermiş hadisə ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatlarda qeyd olunur ki, guya hadisə yerində yanğın baş verib, sərnişinlər arasında ajiotaj yaranıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu informasiyalar tamamilə yanlışdır və özündə heç bir həqiqəti əks etdirmir. Hadisə ilə bağlı aşağıdakıları bildirməyi vacib sayırıq.

8 iyul 2019-cu ildə saat 23:22-də dəmir yolunun Padar-Sığırlı mənzilinin 376-cı kilometrində 38 saylı Bakı-Tbilisi sərnişin qatarı hərəkətdə olarkən, elektrovozun hərəkət istiqamətində arxa seksiyanın cərəyan qəbuledicisi zədələnib, kontakt naqilində qopmalar baş verib.

Təcili olaraq bərpa işlərinə başlanılmış, elektrovozun cərəyan qəbuledicisi və kontakt naqili müvafiq qaydaya gətirildikdən sonra, qatar 9 iyun gecə saat 02:10-da təyinatı üzrə yola salınıb.

“Azərbaycan Dəmir Yolları” QSC bildirib ki, hadisə nəticəsində heç bir yanğın baş verməyib, xəsarət alan olamayıb, texniki qurğularda baş vermiş nasazlıqlardan başqa digər hallara  yol verilməyib.  

Hadisə nəticəsində Bakı-Tbilisi sərnişin qatarının hərəkətində 2 saat ləngimə qeydə alınıb.
Hazırda qatarlar öz qrafiki ilə hərəkət edir.