-
- Bu gün, 02:30
- 78
Bu tarixdə dünya üçün yeni mərhələ başlayacaq - ŞƏRH
"Gələn ilin yanvarın 20-də andiçmə mərasimi ilə Ağ Evdə yerləşəcək Donald Tramp hələ işə başlamamış beynəlxalq aləmdə onun özü və administrasiyası üçün yaxşı start vəziyyəti yaranıb. Tramp seçki kampaniyası dövründə “andiçmədən dərhal sonra Rusiya-Ukrayna müharibəsini bitirəcəm” deyirdi. O Prezident səhaliyyətinə başlamamış Rusiya və Ukraynada atəşkəsdən danışmağa başlayıblar. Hər iki tərəfdə müharibədən yorğunluq hiss olunur. Bu gedişat Trampın xeyrinədir".
News24.az xəbər verir ki, bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O vurğulayıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski artıq bu haqda danışmağa başlayıb: "Zelenski ilk dəfə “müharibə yolu ilə itirdiklərimizi geri qaytarmaq çətin olacaq” kimi açıqlamalar verməyə başlayıb. Zelenski özünü və xalqını ona hazırlayır ki, Trampın prezidentliyi dövründə ABŞ-ın Ukraynaya maliyyə və hərbi dəstəyi azala bilər. Bu isə Ukraynanın müharibəni davam etdirmək imkanlarını azaldacaq. Buna görə də Zelenski müvafiq şərtlər daxilində müharibənin dayandırılması ehtimalını səsləndirməyə başlayıb. Tramp və onun adminstrasiyasına da elə bu lazımdır. Kreml də atəşkəsin əleyhinə deyil, çünki bu halda işğal etdiklərini əlində saxlaya biləcək".
E.Şahinoğlunun fikrincə, Suriyadakı son olaylar da Tramp üçün faydalıdır: "Əsəd rejiminin yıxılmasıyla ABŞ hərbi qüvvələrinin Suriyada qalmasının aktuallığı azalıb. Tramp da bunu istəyir. Bundan başqa ABŞ-ın PKK və ona bağlı terrorçu qruplara dəstək verməsinin əhəmiyyəti qalmayıb. Suriyada hakimiyyəti ələ keçirən qüvvələr Türkiyənin dəstəyi ilə PKK-nın Suriyada nəzarət etdiyi bölgələri ard-arda ələ keçirirlər".
Politoloq əlavə edib ki, Donald Trampın başqa dövlətlərlə sərt iqtisadi və miqrasiya siyasətinə hazırlaşanlar da var: " Tramp ABŞ-ın iki qonşusu olan Meksika və Kanadanın ünvanına ciddi xəbərdarlıqlar edib. Çin də Trampın Prezidentliyinə hazırlaşır. Tramp Çin məhsullarına rüsumları artıracaq. ABŞ Ticarət Komissiyasının son hesabatına görə, bir vaxtlar ABŞ-da dominant geyim tədarükçüsü olan Çinin 2013-2023-cü illər arasında bazar payı 16,4 faiz aşağı düşüb. Bundan da Çinə qonşu olan Vyetnam, Banqladeş, Hindistan və Kamboca faydalanıblar. Trampın “ilk növbədə Amerika” şüarı yerli istehsalın artırılmasına hədəflənib".