-
- Bu gün, 19:31
- 140
Gündə cəmi üç fincan qəhvənin orqanizmə əvəzsiz faydası
Çinli alimlər gündə üç fincan qəhvənin ikinci tip şəkərli diabet və insultun qarşısının alınmasında mühüm rol oynadığını müəyyən ediblər.
News24.az-ın verdiyi məlumata görə, bu barədə rusiyalı pediatr Viktoriya Şurupova danışıb.
Onun sözlərinə görə, tədqiqat müntəzəm olaraq qəhvə içən 360 mindən çox iştirakçını əhatə edib.
"Onların qidalanma vərdişləri və tibbi müayinələrinə əsaslanaraq, alimlər gündəlik 200-300 mq kofein (təxminən üç standart fincan qəhvə) qəbulunun şəkərli diabet və insult riskinin azalması ilə birbaşa əlaqəli olduğunu aşkar ediblər. Bu kəşf qeyd olunan xəstəliklərin qlobal artımı şəraitində müasir təbabətin sadə, əlçatan profilaktika metodlarının axtarışı kontekstində xüsusi əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
Həkimin sözlərinə görə, qəhvə xlorogen turşusu da daxil olmaqla antioksidantlarla zəngindir ki, bu da iltihabı azalda və damar funksiyasını yaxşılaşdıra bilər.
"Bu antioksidantlar bədəndəki sərbəst radikalları neytrallaşdırmağa kömək edir, nəticədə oksidləşdirici stres aradan qaldırılır və daha sağlam qan dövranına səbəb olur.
Kofein, həmçinin insulin həssaslığını artıraraq və yeməkdən sonra qanda şəkər səviyyəsini azaldaraq qlükoza metabolizminin yaxşılaşmasına kömək edir. Bu, xüsusilə ikinci tip diabetin qarşısının alınması və ya idarə edilməsi üçün faydalı ola bilər", - deyə o vurğulayıb.
Həkim bununla belə, qəhvə qəbulunun mötədil miqdarda qəbulu barədə xəbərdarlıq edib.
"Həddindən artıq kofein qəbulu yuxusuzluq, artan narahatlıq və mümkün ürək ritmi pozğunluqları kimi yan təsirlərə səbəb ola bilər. Həmçinin müxtəlif insanlar arasında əhəmiyyətli dərəcədə dəyişə bilən kofeinə fərdi dözümlülüyü nəzərə almaq lazımdır. Hazırda tədqiqatlar mötədil qəhvə qəbulunun müsbət aspektlərini təsdiqləyir. Eyni zamanda, bu içkiyə ağılla yanaşmaq və fərdi sağlamlıq xüsusiyyətlərini nəzərə almaq vacibdir. Müntəzəm qəhvə qəbulu zamanı səhhətiniz pisləşərsə, xüsusilə xroniki xəstəliyiniz varsa və ya dərman qəbul edirsinizsə, həkimlə məsləhətləşmək tövsiyə olunur", - deyə həkim sözlərini yekunlaşdırıb./oxu.az/