"Bir-iki işbaz bank ajiotaj yaratmaq istəyir" — Deputatdan SƏRT AÇIQLAMA
    • 8-08-2018, 16:43
    • 1 132

"Bir-iki işbaz bank ajiotaj yaratmaq istəyir" — Deputatdan SƏRT AÇIQLAMA

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Rüfət Quliyev Azərbaycanda bankların dolları bahalaşdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Deputat  deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Mən bir neçə bank rəhbəri ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmışam. Onlar da bildirdilər ki, bu barədə yayılan xəbərlər şayədir, heç bir əsası yoxdur. Bu cür şayələri yayan adamlar milləti dövlətə qarşı qıcıqlandırırlar, dövlətin əleyhinə işləyirlər. Hər bir cəmiyyətdə 99,9 faiz dövlətin istəyirsə, 0,1 faiz də istəmir. Bu cür yalan xəbərləri də həmin insanlar yayır. Normal adam belə şayələri yaya bilməz. İnsanlara da çağırışım odur ki, bu cür xəbərlərə inanmasınlar. Ola bilsin ki, bir-iki işbaz bank ajiotaj yaratmaq istəyir. Mən onlara işbaz adamlar deyərdim. Həmin bankların rəhbərləri bu cür işlərlə məşğul olduğu üçün onlar iş adamı deyil, işbazdırlar".

R.Quliyev qeyd edib ki, Azərbaycanın Dövlət Büdcəsinin bütün proqnozları həyata keçirilir:

"Hazırda valyuta ehtiyyatlarımız daha da artır, tədiyə balansı müsbətdir, neftin qiyməti də 70 dollardan yüksəkdir. Azərbaycanın xarici borcu isə ümumi daxili məhsulun həcmindən 20 faiz aşağıdır. Bütün bunlar isə Azərbaycanda manatın sabit qalması üçün zəmin yaradır".
Deputat ABŞ-ın İran və Rusiya ilə münasibətlərinin gərgin olmasının manatın məzənnəsinə ciddi təsir göstərməyəcəyini söyləyib:
"ABŞ ilə Rusiya və İran arasında yaranan gərginlik dünyada neftin qiymətini daha da artıracaq. Çünki dünyada neftə olan tələbat çox yüksəkdir. Ona görə də valyutanın məzənnəsinin dəyişməsi üçün hər hansı narahatçılıq mövcud deyil".

//Ölkə.Az