-
- 19-07-2019, 22:32
- 757
Bakıda qızıl oğurluğu: ev sahibi filippinli qulluqçudan şübhələnir
Bakı sakini evində çalışan filippinli qulluqçu qadını oğurluqda ittiham edib.
Bu barədə Nəsimi Rayon Polis İdarəsindən bildiriblər.
News24.az xəbər verir ki, Səməd Vurğun küçəsində yaşayan 29 yaşlı Cəlal Məmmədov iyulun 18-də polisə şikayətlə müraciət edib. Onun sözlərinə görə, iyulun 17-də evindən dəyəri hələ məlum olmayan qızıl-zinət əşyaları itib.
C.Məmmədov 1980-ci il təvəllüdlü Filippin vətəndaşı Soayqan Qrinfilds Domaquemdən şübhələnir. Lakin polisdən bildiriblər ki, ev qulluqçusunun təqsiri hələ sübuta yetirilməyib.
Faktla bağlı təhqiqat başlayıb. Şikayətçinin filippinli qulluqçunu qanuni əsasda işə götürüb-götürmədiyini də müəyyənləşdirmək lazımdır.
Qeyd edək ki, 2011-2012-ci illərdə Azərbaycanda Filippindən olan ev qulluqçuqlarını işə götürmək dəbi pik həddə çatmışdı. Evdə filippinli xidmətçi qadın saxlamaq az qala yüksək nüfuz hesab edilirdi.
Bir çox varlı vətəndaşlar üçün əsas olan dostları və yaxınları qarşısında əcnəbi ev qulluqçusu ilə lovğalanmaq idi. Digər tərəfdən, filippinli qulluqçular və dayələr yerlilərdən təkcə təmizlikləri və intizamlı olmaları ilə deyil, həm də işəgötürən üçün iki dəfə ucuz başa gəlmələri ilə seçilirlər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Bakıda filippinli qadınların məcburi əməyə cəb olunması hallarını bir neçə dəfə araşdırıb.
Belə ki, Balibaqo şəhərindən olan 27 yaşlı qızın 2012-ci ildə bağlı bir yerdə saxlandığı faktı məlumdur. İşəgötürən onun pasportunu əlindən almış və 17 ay təsərrüfatda amansızcasına istismar etmişdi. Ona evdən çıxmaq və qonşularla danışmaq qadağan edilmişdı.
Fillipinli əziyyətli işinə görə ayda 250 dollar alırdı. O, 2012-ci ilin aprelində qaçmağı bacarıb.