Qırmızı xalça, möhtəşəm performanslar -
    • 29-07-2019, 16:57
    • 1 099

Qırmızı xalça, möhtəşəm performanslar - "Jara" festivalı bitdi - FOTOLAR - VİDEO

Ötən gün “Jara” beynəlxalq musiqi festivalının bağlanış mərasimi baş tutub.

News24.az xəbər verir ki, “Z nəsli” adlandırılan gecə daha gənclər üçün təşkil olunub.

Festivalın sonuncu günün ondan öncəkilər kimi qırmızı xalça mərasimi ilə start götürüb. Xalı üzərindən xalq artisti Emin Ağalarov və həyat yoldaşı Alyona Qavrilova, Qriqoriy Leps, HammAli&Navai, CYGO, Ellai, Elvin Qrey, MOT, Aysel, Səmra Rəhimli, Doni, Timur Rodriqez, Babək Məmmədrzayev, Ternovoy, Asammuel, Serebro, Tanya Tuzova və Doktor Şadskiy, Andro, Natan, Elman, Alessandra və başqaları keçib.

Azərbaycan əsilli müğənni, aktyor və aparıcı Timur Rodriqez bu il “Jara”nın tam fərqli keçdiyini bildirib: “Özümü necə evdəki kimi hiss etməyə bilərəm. Düşünürəm ki, bu, son illərin ən yaxşı “Jara”sıdır. İki il öncə çox isti idi. Pencəyimiz yaş idi. Bu dəfə isə hava möhtəşəmdir. İsti deyil”.

Qırmızı xalça mərasimi bitdikdən sonra festival konsert proqramı ilə davam edib. Tamaşaçılar arasında səbirsizliklə gözlənilən müğənnilərdən biri də Svetlana Loboda olub. Səhnəyə çıxan S.Loboda qonaqları salamlayıb və festivalın məhz onlar üçün təşkil olunduğunu bildirib. İfaçı daha sonra ard-arda hit mahnılarını səsləndirib.

Gecənin əsas ulduzu isə məşhur reper Timati olub. Konsert proqramı ilə festivalı bağlı elan edən Timati, Qriqoriy Lepslə duet səsləndirib. Reperin çıxışı alqışlarla qarşılanıb. 

Teymur MƏMMƏDOV
Foto/Video: Fərid ŞABANOV