Qurbanlığın yeni üsulla kəsimi dinə ziddirmi? Hacı Şahin: “Olar, amma...” - FOTOLAR
    • 9-08-2019, 18:00
    • 995

Qurbanlığın yeni üsulla kəsimi dinə ziddirmi? Hacı Şahin: “Olar, amma...” - FOTOLAR

Bu il ilk dəfə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bayram günlərində ölkə ərazisində qurbanlıq heyvanların kəsimi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar və çadırtipli heyvan kəsimi məntəqələrində aparılacaq. 

Bu məqsədlə bayram günlərində 44 stasionar heyvan kəsimi məntəqəsi və 30 çadırtipli kəsim yeri lazımi avadanlıqlar ilə təmin edilib. Paytaxtda və Respublikanın müxtəlif bölgələrində qurulması nəzərdə tutulan çadırtipli kəsim məntəqələri 3 hissədən ibarət olacaq. Birinci hissədə heyvanın kəsimi, ikinci hissədə soyulması, üçüncü hissədə isə doğranması prosesi tamamilə sanitariya-gigiyena tələblərinə uyğun həyata keçiriləcək. Bu gün AQTA tərəfindən keçirilən infoturda yeni aparatla heyvanın kəsilməsi prosesi ictimaiyyətə nümayiş etdirilib.
Qurbanlıq heyvanların xüsusi aparatla kəsilməsi bəzi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Onlar bu cür kəsimin dini qadalara zidd olduğunu idda edirlər. Buna səbəb kimi kəsim aparatının üzü qibləyə qoyulması, kəsimdən öncə dua oxunması kimi tələblərə əməl olunmayacağından narahatlıqlarını ifadə ediblər.

Məsələ ilə bağlı News24.az-a hazırda həcc ziyarətində olan tanınmış ilahiyyatçı-din xadimi Hacı Şahin Həsənli aydınlıq gətirib. 
Onun sözlərinə görə, qurban bayramı həcc ziyarətinin ən vacib tərkib hissələrindən biridir: “Əvvəla deyim ki, qurban kəsmək Həcc ziyarəti ayinlərindən biridir və həcdə qurban kəsilməsi vacibdir. Digər yerlərdə isə bu əməl vacib buyurulmur. Amma bəyənilən, təqdir olunan əməl sayılır. Müsəlman istənilən yerdə qurban kəsə bilər. Amma dini nöqteyi nəzərdən, yəni dini hökm olaraq qurban yalnız həcc mərasimində vacibdir. Qurbanın kəsilmə qaydasına gəlincə, yeganə şərt qurbanın üzü qibləyə kəsilməsidir. Müsəlman tərəfindən kəsici alətlə kəsməsi və Allahın adının çəkilməsidir. Bu heyvan kəsilməsi zamanı vacib olan şərtlərdir. Bu şərtlərə riayət olunursa, həmin o qurğu üzü qibləyə quraşdırılırsa, Allahın adı deyilərək o şəkildə kəsilirsə, bu dinimizin qaydalarına uyğundur”. 

İlhahiyyatçı bildirib ki, qurban kəsilən zaman duanın oxunması da vacib hökm deyil: “Dua oxumaq bəyənilən, müstəhəb bir əməldir. Vacib olan isə “Bismillahir rəhmanir - rəhim”, yəni, Allahın adının çəkilməsidir. Zənnimcə, qurban kəsilməsi zamanı gigiyenik qaydalara riayət etmək üçün xüsusi yerlərin ayrılması təqdirəlayiqdir. Insanlar da öz qurbanlarını belə məkanlarda, təmizlik qaydalarına riayət edərək kəssələr,daha yaxşı olar. Amma bu zaman dinimizin qaydalarınin pozulmamasına diqqət etsələr, çox yaxşı olar”.  

Qida Təhlükəsizliyi Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva isə bildirdi ki, qurum yalnız qida təhlükəsizliyi tələblərinə nəzarət edir: «Yəni dini məsələlər bizim səlahiyyətimizdə deyil. Bu işi icra nümayəndələri və qəssablar həyata keçirirlər”. 
Afaq Mirayiq