-
- 10-08-2019, 17:36
- 853
Yol polisi nasaz avtomobillərə qarşı sərt tədbirlərə başladı - FOTO
Bu gün Baş Dövlət Yol Polisi İdarəsinin “Ekoloji nəzarət” bölüyünün əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində daha bir reyd keçiriblər. News24.azAvtosfer.az-a istinadən xəbər verir ki, “Ekologiya postu”nda baş tutan reyd zamanı texniki cəhətdən nasaz olan, eləcə də normadan artıq zəhərli qaz ixrac edən nəqliyyat vasitələri aşkar edilib. Hətta “QAZ-24” və “QAZ-31” iki avtomobil saxlanıldıqda onların əyləc və sükan idarəetmə mexanizmininin nasaz olduğu üzə çıxıb. Sürücülər etiraz etməyə çalışsalar da, hər iki nəqliyyat vasitəsi müayinə edilib. Onların ikisinin də ixrac edtiyi zəhərli qazların miqdarı normadan 2-3 dəfə artıq olub.
Avtomobillərə baxış zamanı məlum olub ki, işıq cihazları da normal işləmir. Avtomobillərdə təhlükəsizlik elemenləri demək olar ki, yox vəziyyətindədir.
Baş DYPİ-nin Ekoloji nəzarət” bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Avtosfer.az-a bildirib ki, son günlər sürücülərə dəfələrlə müraciətlər edilməsinə, xəbərdarlıq olunmasına və cərimələnməsinə baxmayaraq hələ də bu cür nasaz maşınları idarə edənlərə rast gəlinir: “Bəzən elə olur ki, bir ay ərzində eyni avtomobili 2 dəfə saxlayıb sürücü barəsində tədbir görürük. Lakin sürücü hər dəfə nasazlığı aradan qaldıracağına söz versə də, əməl etmir. Biz onlara izah edirik ki, zəhərli qazların miqdarı çox olduqda bu elə ilk növbədə sürücünün özünə, ailə üzvlərinə ziyan vurur. Təəssüflər olsun ki, bəzi sürücülər bunun təhlükəli tərəfini dərk etmir. Bir daha onların diqqətinə çatdırmaq istəyirəm ki, zəhərli qazların miqdarı çox olduqda orqnizmdə ciddi fəsadlar yarana bilər. Sürücü sükan arxasında həmin qazları özü qəbul edir, eyni zamanda, ətrafdakı insanlara da ziyan vurur. Biz bunun qarşısını almağa çalışırıq. Ətraf mühiti qorumaq hər birimizin borcudur”.
Fuad Mayılov onu da bildirib ki, zəhərli qazların miqdarının ölçülməsi üçün saxlanılan avtomobillərin əksəriyyətinin istismar müddəti 20 ilə yaxındır. Onların bəzilərində daha ciddi nöqsanlar da aşkarlanır: “Belə avtomobillərin sükanında problemlər olur, əyləc sistemi normala uyğun olmur. Baxırsan ki, avtomobildə təhlükəsizliyə aid heç nə qalmayıb. Amma sürücülər belə maşınlarla yola çıxıb özlərini də, başqa hərəkət iştırakçılarını da təhlükəyə atırlar. Biz belə maşınları aşkar etdikdə qanunvericiliyin tələblərini üstün tutaraq texniki nasazlıq aradan qaldırılana qədər həmin avtomobilləri istismara buraxmırıq”.
Qeyd edək ki, “Təmiz hava” aylığı avqust ayı boyunca davam edəcək. Bu günə qədər “Ekologiya postu”nda 600-dən çox sürücüyə cərimə yazılıb, yüzlərlə sürücüyə isə xəbərdarlıq olunub.