İstanbulda məktəb və universitetlərdə tətil - ELAN OLUNDU

İstanbulda məktəb və universitetlərdə tətil - ELAN OLUNDU Dünya

Təhsil Naziri Yusuf Tekin 2 gün məktəblərin bağlı olacağını açıqlayıb.

News24.az xəbər verir ki, nazir İstanbulda baş verən zəlzələlərlə bağlı açıqlama verib:

“Sadəcə iki məktəbimizin xarici suvağında çatlar var. Bundan başqa heç bir problemimiz yoxdur. Bir az əvvəl Daxili İşlər Naziri ilə danışdım. Mümkün bir problemli vəziyyətdə məktəblərin toplanma mərkəzi olması üçün bizdən sabah və sonrakı gün tətil olunması istəndi. Biz də sabah və ertəsi gün üçün tətil qərarı verdik.”

Məktəb həyətlərinin xalqın istifadəsinə açıldığını bildirən Tekin bunları əlavə edib:

“İstanbulda baş verən və ətraf vilayətlərdə də hiss olunan zəlzələ sonrası, indiyə qədər məktəblərimizdə ciddi bir mənfi hal yaşanmayıb. Təhlükəsiz sahə ehtiyacına uyğun olaraq, məktəb həyətlərimiz bütün vətəndaşlarımızın istifadəsinə açıqdır. Əlaqədar digər qurumlarla əməkdaşlıq içində İstanbuldakı məktəblərimiz üçün cümə axşamı və cümə günlərini tətil etmə qərarı verdik. Bütün millətimizə keçmiş olsun, inşallah.”

YÖK sədri Erol Özvar belə deyib:

“Kampuslarımızın dayanıqlı olduğu görünür. Heç bir bina zədəsi qeydə alınmayıb. Bu bizim üçün sevindiricidir. Xalqımızın kampuslara yaxın sahələrdən istifadə edə bilməsi üçün işlər aparılıb. İstanbul və ətraf vilayətlərdə yerləşən rektorlarımız bu vaxta qədər universitetlərdə ciddi bir zədələnmə olmadığını bildiriblər. Nazirimiz və Prezidentimizlə əlaqə halındayıq. Dövlət və özəl universitetlər də sabah və ertəsi gün üçün tətil olunub.”

Dövlət qurumlarında çalışanlara iki gün inzibati icazə

İstanbul Valiliyi, dövlət qurumlarında çalışan əlil, hamilə, müharibə qazisi olan və 10 yaşdan kiçik uşağı olan anaların iki gün müddətinə inzibati icazəli sayılacağını açıqlayıb.


Məryəm İlhamqızı