Daha iki xətt üzrə avtobuslar YENİLƏNDİ - FOTO
    • 31-08-2019, 13:40
    • 2 211

Daha iki xətt üzrə avtobuslar YENİLƏNDİ - FOTO

Sentyabrın 5-dən 76 və 78 nömrəli (“Bakıxanov” dəmiryol stansiyası - “Neftçilər” metrostansiyası) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək. Daxil olan vətəndaş müraciətlərinin təhlili, eyni zamanda aparılan monitorinqlər nəticəsində hazırda 76 və 78 nömrəli müntəzəm marşrut xətti üzrə istismarda olan avtobusların sərnişin tələbatını ödəmədiyi müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, həmçinin, ötən dövrdə hər iki xətlə bağlı sərnişinlərdən ALO141 Çağrı Mərkəzinə çoxsaylı şikayətlərin daxil olmasına baxmayaraq daşıyıcı şirkət “Azlənd Plaza” MMC tərəfindən mövcud çatışmazlıqların aradan qaldırılması üçün təsirli tədbirlər görülməyib.

Qeyd olunanları nəzərə alaraq, “Azlənd Plaza” MMC 76 və 78 nömrəli müntəzəm marşrut xətlərinin müvəqqəti istismarına dair müqaviləyə xitam verilib. Hər iki marşrut üzrə sərnişindaşıma xidmətinin göstərilməsi müvəqqəti olaraq “Şidli-A.İ” şirkətinə həvalə edilib. Sözügedən marşrutlar üzrə sərnişinlərə daşıyıcı şirkət tərəfindən əsaslı təmir edilmiş və nisbətən iritutumlu “Daewoo BS090” markalı avtobuslar xidmət göstərəcək.

Məlumat üçün onu da bildiririk ki, Bakı şəhərində avtobus parkının yenilənməsi istiqamətində işlər davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamına əsasən alınan 300 ədəd müasir və komfortlu avtobuslar nəzərdə tutulan plana uyğun olara paytaxta gətirilir.