“Nizami” metrostansiyasında da təmir işləri aparılacaq
    • 12-09-2019, 14:00
    • 776

“Nizami” metrostansiyasında da təmir işləri aparılacaq

Daha bir stansiyanın təmirə bağlanması gözlənilir.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun News24.az-a verdiyi məlumata görə, gələcəkdə “Nizami” metrostansiyasında təmir-bərpa işləri aparılacaq:

“Növbəti təmir işlərinin 2026-cı ildə “Nizami” stansiyasında olacağı gözlənilir. Stansiyada zəruri olan bütün infrastrukturlar yenilənəcək. Stansiyada bir sıra yüngül tədbirlər görülüb, platformada, eləcə də, divarlarda orijinallığı qorumaqla Nizaminin əsərləri üzərində işlər aparılıb.
Lakin eskalatorların istismar müddəti bitmədiyi üçün təmir işləri hələ başlanmayıb. Hazırda sərnişinlərin ixtiyarında olan eskalatorların istismar müddəti 2026-da bitdiyi və stansiya bir giriş-çıxışlı olduğu üçün, təmir işləri başa çatana qədər stansiya bağlana bilər”.

B.Məmmədov onu da əlavə edib ki, hazırda Bakı metropolitenində 315 vaqon var, amma normalda 295 olmalıdı: “Artıq 25 vaqon doğranaraq silinəcək. Silinmə prosesi özlüyündə mürəkkəbdir. Yəni vaqon istismar müddətini başa vurdusa onu çıxarıb atmaq olmur. O rəsmən sənədləşməlidir və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi baxış keçirməlidir. Keçən il istismardan çıxarılan vaqonlar silinib, bu il təzə gələn 30 vaqonun əvəz etdiyi köhnələrin isə silinməsi prosesi başlanıb. Həmçinin onu da qeyd edim ki, vaqon yalnız xammal şəklində metal qəbulu məntəqələrinə verilir”.

Metro sözçüsü əlavə edib ki, köhnə vaqonlardan bəziləri muzey üçün saxlanılacaq: “Beynəlxalq praktikaya nəzər salsaq görərik ki, köhnə vaqonlardan maraqlı məqsədlər üçün istifadə edilir. Məsələn, Buones-Ayresdə 100 il istifadə edilən vaqonları şəhərdə kitabxana kimi istifadə ediblər. Bizdə isə 81-714/717 seriyalı vaqonlardan biri muzey üçün saxlanacaq. Hələlik muzeyimiz yoxdur, vaqonlar depoda saxlanılır”.
B.Məmmədov qeyd edib ki, tezliklə “Bakı Metropoliteni“nin Təlim-Tədris Mərkəzi fəaliyyət göstərəcək.


Afaq Mirayiq