Azərbaycandakı 9 qaçqın gəncə ali təhsil üçün TƏQAÜD VERİLDİ
    • 13-09-2019, 15:18
    • 569

Azərbaycandakı 9 qaçqın gəncə ali təhsil üçün TƏQAÜD VERİLDİ

Bu gün BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Guido Ambroso və Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq ali təhsil xərclərinin qarşılanması məqsədi ilə təqaüd almış 9 qaçqın tələbə ilə görüşüblər.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən News24.az-a verilən məlumata görə, təqaüdlər Almaniya federal hökumətinin maliyyə dəstəyi ilə BMT QAK-ın DAFI (Qaçqınlar üçün Albert Eynşteyn adına alman akademik təşəbbüsü) proqramı çərçivəsində verilib.

BMT QAK-ın ali təhsil təqaüdü proqramı olan DAFI dünyada qaçqınların ali təhsil almasında mühüm rol oynayır. Təsis edildiyi 1992-ci ildən indiyədək proqram çərçivəsində 15 500-dən çox qaçqın tələbənin sığınacaq tapdıqları 50-dən artıq ölkənin, o cümlədən Azərbaycanın  universitet və kolleclərində təhsil almalarına yardım göstərilib. DAFI proqramı Azərbaycanda 2010-cu ildə fəaliyyətə başlayıb, indiyədək 36 gənc qaçqına dəstək göstərilib, o cümlədən bu yaxınlarda 2019-2020-ci tədris ilinin başlanması ərəfəsində 9 yeni tələbə bu məqsəd üçün seçilib.

BMT QAK-ın Ölkə üzrə nümayəndəsi Guido Ambroso qaçqınların həyatlarını yenidən qurmalarına imkan yaradılmasında təhsilin vacibliyini və rolunu vurğulayıb.

Guido Ambroso BMT QAK-dan müavinət alan qaçqınları, o cümlədən, DAFİ təqaüd proqramından dəstək alan tələbələri ödənişsiz olaraq bank kartları ilə təmin etdiyinə görə Azərbaycan Beynəlxalq Bankına təşəkkür edib. Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq tələbələri təbrik edib və ali təhsillərində onlara uğurlar arzulayıb.

Tədbirdə, həmçinin yeni seçilmiş tələbələrin valideynləri və qaçqın icmasının nümayəndələri iştirak ediblər. Onlar övladlarının ali təhsil alması yolundakı başlıca əngəllərin aradan qaldırılmasına görə Almaniya hökumətinin BMT QAK vasitəsilə göstərdiyi alicənab dəstəyi yüksək qiymətləndiriblər. Valideynlər, həmçinin Azərbaycanda qaçqınlar üçün yaradılan səmimi qonaqpərvərlik mühitini yüksək dəyərləndirib, tolerantlığına və qonaqpərvərliyinə görə yerli sakinlərə minnətdar olduqlarını bildiriblər.

Afaq Mirayiq