“Qaz təchizatı haqqında” Qanunda dəyişikliklə bağlı layihə hazırlanıb-EKSKLÜZİV
    • 14-11-2019, 16:33
    • 1 873

“Qaz təchizatı haqqında” Qanunda dəyişikliklə bağlı layihə hazırlanıb-EKSKLÜZİV

Bir gün öncə “Dəm qazından niyə ölürlər?” (https://news24.az/27479-dem-qazindan-niye-bogulurlar-.html) başlıqlı yazı vermişdik. Yazıda qoyulan problemlə əlaqədar olaraq Energetika Nazirliyinə sorğu ilə müraciət etmişdik.

News24.az Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələləri Tənzimləmə Agentliyinin bu sorğuya cavabını təqdim edir:

“Qaz təchizatı sahəsində payız- qış mövsümünə hazırlıq işlərinin aparılması ilə bağlı bildirmək istərdik ki, Energetika Nazirliyi və Enerji Məsələləri Tənzimləmə Agentliyi tərəfindən “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı ilə verilmiş tapşırığa uyğun olaraq xarici ekspertlərin iştirakı ilə “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması qaydası”nın layihəsi hazırlanıb. Hazırda həmin layihənin də aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir.  

Dəm qazından zəhərlənmə halları ilə əlaqədar bildirmək istərdik ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 7-ci hissəsinə və “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

Adıçəkilən qanunun 3-cü maddəsinin 8-ci hissəsinə əsasən istehlakçılar tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırmalı və onu işlək vəziyyətdə saxlamalıdırlar.

Həmçinin, “Qazdan istifadə Qaydaları”nın 3.2.3-cü yarımbəndinə əsasən yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirmək qazdan istifadə edən istehlakçıların vəzifəsidir.

Qeyd olunanlar onu deməyə əsas verir ki, istehlakçılar qaz qurğularının istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıdıqlarına görə qaz qurğularının vaxtlı-vaxtında təmirini və onlara texniki xidmət göstərilməsini təmin etməlidirlər.

Eyni zamanda bildiririk ki, bu sahədə nəzarət işlərinin təkmilləşdirilməsi məqsədilə Energetika Nazirliyi və Agentlik tərəfindən qaz qurğularına texniki xidmət göstərilməsi sahəsində bir sıra ölkələrin təcrübəsi öyrənilmiş və qaz qurğularına qaz paylayıcısı və ya podratçı tərəfindən texniki xidmət göstərilməsini nəzərdə tutan “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə” qanun layihəsi hazırlanıb. Hazırda həmin layihənin aidiyyəti dövlət qurumları ilə razılaşdırılması həyata keçirilir.

Afaq Mirayiq