Təhsil naziri:
    • 3-12-2019, 13:51
    • 764

Təhsil naziri: "Ali təhsil səviyyələrində adambaşına maliyyələşdirmə sisteminə keçilib"

"Elmi tədqiqat işlərinin sayının artırılması ilə yanaşı keyfiyyət əmsalının da artırılmasına xüsusi diqqət yetirmək lazımdır".

News24.az
-ın məlumatına görə, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika Elmi Konfransında çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə əsərlərin yüksək impakt faktorlu jurnallarda çap olunması, çoxlu sayda istinad qazanması və elmi ictimaiyyət tərəfindən tanınması üçün strategiyalar hazırlanmalıdır:"Ali təhsil bakalavriat və magistratura səviyyələrində adambaşına maliyyələşdirmə sisteminə keçilib. Lakin yeni sistem doktorantura səviyyəsini əhatə etməyib. Bununla əlaqədar Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində dövlət sifarişi əsasında təhsil alan doktorantların təhsil xərclərinin adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçirilməsi barədə təkliflər hazırlanıb və hökumətə təqdim edilib. Elmi tədqiqatların maliyyələşməsində biznes sektorunun çəkisinin artması diqqəti xüsusi cəlb edir. 2001-2011-ci illərdə tədqiqat və layihələndirmə işlərinə sərf edilən vəsaitlərin çəkisində özəl sektorun payı bəzi dünya ölkələrində artıb".

Nazirin sözlərinə görə, bu gün dünyada bir sıra risklər mövcuddur:"İqlim dəyişikliyi, ekoloji tarazlığın pozulması, peşə və ixtisasların sürətlə dəyişməsi kimi risklər bütün ölkələri, o cümlədən Azərbaycanı da narahat edən problemlərdəndir. Həmin risklərin yaratdığı təhdidlərdən qorunmaq üçün ölkələr yeni istiqamətlər, çağırışlar üzrə tədqiqatlara başlayıb. Belə şəraitdə Azərbaycanda da elmin prioritet istiqamətlərinə yenidən baxılmalıdır. İstiqamətlər müəyyənləşərkən qlobal çağırışlar nəzərə alınmalıdır".

Afaq Mirayiq