"Canımız çıxana qədər çalışmalıyıq..." - MƏTANƏT İSGƏNDƏRLİ
    • 7-12-2019, 16:03
    • 1 087

"Canımız çıxana qədər çalışmalıyıq..." - MƏTANƏT İSGƏNDƏRLİ

Bir müddət öncə Əməkdar artist Mətanət İsgəndərlinin oğluyla bağlı etdiyi açıqlama müzakirələrə səbəb olub. Sənətçi bildirib ki, oğlu 14 yaşından sükan arxasındadır. 

Müğənni bununla bağlı News24.az-a danışıb: "Mən orda təxmini söylədim. Dəqiq yadıma deyil. 14-16 yaşlarındaydı. Sürücüm məni əsəbiləşdirdi, mən də gördüm oğlumun maşın sürməyə həvəsi var dedim gəl, sür. Heç boyu görsənmirdi. Ümumiyyətlə, maşın sürmək mənim ən yaralı yerimdir. Bir ara öyrənməyə başladım, amma sürə bilmədim. Sürücülərdən həmişə dad döymüşəm. Mən 14 yaşından işləyirəm. Anam 14 yaşında ərə gəlib".

Söhbət əsnasında M. İsgəndərli deyib ki, plastik əməliyyatlarla bağlı yaranan dedi-qoduların heç bir əsası yoxdur: "Heç nə etməmişəm. Amma nə vaxtsa buna ehtiyacım olsa, bəlkə edərəm. Bu yaxınlarda istirahət üçün İtaliyaya getmişdim. Ordan qayıdandan sonra üzüm təravətlənmişdi. Venesiyanı, Romanı gəzdim. Bəlkə də ömrümdə birinci dəfəydi bu qədər çox dincəldim. Düzdür, həmin ərəfələrdə işlərim çox idi, amma qızım sağ olsun, o məni çətin iş qrafikindən çıxara bildi. Biz müsəlmanlar ölürük da işləmək üçün. Canımız çıxana qədər çalışmalıyıq. Evimin həm kişisi, həm də qadınıyam. Ailənin bütün yükü çiynimdədir. Bircə gün işləməsən, ehtiyacları ödəyə bilmərəm. Qadın, sənətkar... çox çətindir".

Əməkdar artist müğənni Günay İbrahimlinin "Əməliyyatlardan sonra hamısı "kuvşın"ə oxşayır" fikirinə münasibət bildirib: "Elə ən gözəl fiqura "armudvari"dir. Hər qadın istəyinə və zövqünə görə əməliyyat etdirir, amma mən buna yaxşı baxmıram. İstirahətdən sonra 15 kilo arıqladım. İndi isə yenidən kökəlmişəm. Ən çox da stressdən kilo alıram. Əsəbləşəndə yeyirəm. Bəziləri "İnstagram"da yazırlar ki, "Mətanət xanım çox gözəlsiniz, bir az da arıqlasanız, lap əla olacaq", digərləri isə əksinə. Çox arıq olmağı xoşlamıram".

Müğənni bəzi ifaçıların "efirə tək çıxacam" istəyi haqda da danışıb: "Çoxlarında bu kapriz var. Məndə də olub. Demişəm ki, "Bəlkə efirə tək çıxım?". O da əhval - ruhiyyəmdən aslıdır. Arada tək çıxmaq istəyirəm, amma elə vaxtlar da olur ki, əksinə. Kiminləsə efirə çıxanda daha maraqlı olur. Amma eqoist deyiləm. Bunu tələb eləsəm, deyəcəklər, "Qurbandır, tək gəl".

Sevda Bayramova