“Oğlanlarla müqayisədə qızlar daha çox dəstək alır”- MƏKTƏBLƏRDƏ SORĞU KEÇİRİLDİ
    • 19-12-2019, 17:32
    • 716

“Oğlanlarla müqayisədə qızlar daha çox dəstək alır”- MƏKTƏBLƏRDƏ SORĞU KEÇİRİLDİ

“Məktəbli uşaqlar arasında sağlam vərdişlərin tədqiqi mövzusunda sorğu 52 rayonda 167 məktəbdə aparılıb. 8598 uşaq sorğuya cəlb edilib. Onlardan 4586-nin cavabı sorğuda əsas götürülüb".

News24.az xəbər verir ki, bunu "Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim metodisti Xanlar Hacıyev deyib. O bildirib ki, sorğuda iştirak edənlərin 48.2 faizi oğlanlardır: "Respondentlərin təxminən yarısı vaxtlarını evdə hər iki valideyni ilə keçirir, 45 faizi isə yalnız anaları ilə, 1.5 faizi ataları ilə vaxt keçirməyə üstünlük verirlər. Şagirdlərin 67.5 faizi onları narahat edən problemləri anaları ilə bölüşməyə üstünlük verir. 5.9 faizi isə ataları ilə problemləri həll etməyə çalışırlar. Göründüyü kimi analar uşaqlara daha yaxındır".

O vurğulayıb ki, yeniyetmələrin 93.1 faizi məktəbdə hər hansı problem olduqda onu valideynlərinin köməyi ilə həll edəcəyini düşünür: "Həmyaşıdları ilə sevinc və kədərlərini bölüşə biləcək uşaqların nisbəti 13 yaşdakı qızlar arasında ən yüksək (74.8 %), 11 yaşlı oğlanlar arasında ən aşağıdır (45.3%). Ümumiyyətlə, qızların bütün yaş qruplarında problemləri bölüşməsi üçün oğlanlara nisbətən daha çox imkanları var. 13 yaşdakı qızların 72 faizi əmindir ki, bir sıra problemləri olduqda yoldaşları həqiqətən onlara kömək etməyə çalışacaqlar".

O qeyd edib ki, həmşadlarının dəstəyini almaq imkanları az olan məktəblilərin ən az göstəricisi 11 yaşlı oğlanlar arasındadır: "Ümumiyyətlə qızlar (59.9 %) oğlanlara (48.7%) nisbətən daha çox dəstək almaq imkanlarına malikdirlər".

Afaq Mirayiq