"Bir il tez getmək lazımdır, nəinki beş dəqiqə gec"- BƏHRAM YAŞLI MƏMURLARA SÖZ ATDI
    • 20-12-2019, 13:27
    • 723

"Bir il tez getmək lazımdır, nəinki beş dəqiqə gec"- BƏHRAM YAŞLI MƏMURLARA SÖZ ATDI

"Mən ilk növbədə atayam. Gələcəkdə dövlətə, cəmiyyətə, millətə yararlı vətəndaşlar vermək istəyirəm. Hər zaman övdlarımın təhsilli, savadlı olmasına çalışmışam. Sabah qocalanda rahat olum ki, uşaqlarıma vaxtıilə düzgün tərbiyə vermişəm". 

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə İTV-də yayımlanan "3D" verilişində söyləyib. O, bildirib ki, əsl vətənpərvərlik işində peşəkarlıqdan başlayır: "Vətənpərvər insan ilk növbədə peşəkardır. Əgər kitab istehsal edirsənsə, ilk növbədə millətini düşünməlisən. Mən də Allahın bir bəndəsi olaraq istəyirəm ki, özümdən sonra nəsə qoyum və onun qarşısına çıxanda  deyim ki, "bacardığımı elədim". 

Aparıcının "Bizim dostlarımız kimdir, ruslar, yoxsa türklər?" sualına o, belə cavab verib: "Birinci növbədə özümüz-özümüzün dostu olmalı, bir-birimizə hörmətlə yanaşmalıyıq. Özümüz dost olmasaq, başqa heç kim bizimlə dost olmayacaq. Söhbət dildən getmir. Əsas odur ki, sən millətinə xeyir gətirəsən. Vaxtıilə rus dilini öyrənməsəydim, 90-ci illərdə "Əsrin çempion"u ola bilməzdim".  

Əməkdar artist bir müddət öncə AzTV-də efirə çıxmalı olan müəllif verilişinin yayımlanmamasından da danışıb:
"Maliyyə problemləri yaşadıq. Yaradıcılıq baxımından hər şey əla idi. Mənə dedilər ki, əfsüslar olsun ki, bizim maddi imkanlarımız yoxdur. Dedim, yoxdursa yoxdur, neyləmək olar?!"

B. Bağırzadə "həci"lərdən də söhbət açıb:
"Mən Məkkədə, Həcc ziyarətində olmuşam, amma durub özümə "Hacı" deyə bilmərəm. Ziyarətimizin qəbul olub-olmadığını ancaq o biri dünyada biləcəyik. O ki, qaldı "Sponsor Həci"lərə, bu məsələlər məndən çox uzaqdır".  

"Əsrin çəmpionu" söhbət zamanı ŞHK-ın (Şən və Hazırcavablar Klubu) hazırkı vəziyyətinə də toxunub: "Mənə KVN hər zaman lazımdır. Əgər, kimsə deyirsə, "indi KVN yoxdur və olmayacaq", onlar çox səhv düşüncədədirlər. Onlar Azərbaycan millətini sevməyənlərdir. Azərbaycanda həmişə KVN, "Şto gde koqda" da olacaq. Hətta sistemi duzgün qursalar, futbol belə olacaq. Artıq dəyişikliklər hiss olunur. Məsələn, keçən il mən nəinki bu kanalda, ümumiyyətlə heç bir televiziyada belə rahat danışa bilmirdim, indi isə rahatam".

Məşhur aktyor-aparıcı parlament seçkilərində deputatlığa namizəd olmayacağını açıqlayıb: "Allah qoysa, böyük təcrübəm olar, özümü hazır hiss edərəm və namizədliyimi verərəm. Məndən qat-qat savadlı insanlarımız var. Bəhram Bağırzadə tərəfindən orada əyləşən 125 nəfər arasında kiminsə yerini tutmaq cinayətdir. Mənə hörmət də, izzət də var. Məni deputat kimi qarşılayıb elə də yola salırlar. Tək arzum var, Bakı şəhərində uşaqlar üçün kitab mağazası açmaq".

Bağırzadə bildirib ki, rejissor kimi ancaq sevgi filmlərini çəkə bilər: "Ancaq sevgi və məhəbbət mövzusundan film çəkə bilərəm. Heç vaxt qorxunu, davanı, ölümü, ağrını, narkotikanı əks etdirən ekran işi çəkmərəm. Çünki bunlar mənim problemim deyil. Bu istiqamətdə film çəkənlər çoxdur. Bir də baxırsan ki, heç o həyatı yaşamayanlar belə, bu cür mövzulara müraciət edir, amma anlamırlar ki, belə şeylər millətimizə uyğun deyil. Hələ ki film çəkməyə hazır deyiləm".

Aktyor bir müddət öncə Əməkdar artist Tahir İmanova ünvanladığı məktubdan da danışıb: "Tahir sağ olsun, üstündən heç yarım saat keçmədi ki, cavab verdi. O, gün hər kəs ərizə yazıb işdən çıxırdı. Mən də düşündüm ki, artıq qocalmışam, getməyimin vaxtıdır. O da qayıdıb dedi ki, "Sən istəyirsən ki, "Akela"nın yerinə "Makaka" gəlsin?. Əlbəttə ki, bu bir zarafat idi, amma belə məqamlarda hər zaman Müslüm Maqomayevin sözlərini xatırlayıram: "Səhnədən bir il tez getmək lazımdır, nəinki beş dəqiqə gec".

Sevda Bayramova