-
- 23-12-2019, 23:47
- 861
Dövlət başçısı: "Beş il əvvəl kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il sonra artıq gec olardı"
"Builki sosial-iqtisadi göstəricilərin artımı onu göstərir ki, Prezident tərəfindən verilən tapşırıqlar yerinə yetirilir.
Ona görə bu il də bu islahatlar davam etdirildi. Struktur islahatlarına gəldikdə, əlbəttə ki, Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, Nazirlər Kabineti yenidən formalaşdı. Həm vəzifələrə yeni simalar gətirildi, eyni zamanda, struktur dəyişikliyi edildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. Bu proses davam etdiriləcək. Bu, labüddür, çünki dayanıqlı inkişafı təmin etmək üçün həm struktur çevik olmalıdır və ağır olmamalıdır, eyni zamanda, kadrlar müasir çağırışlara cavab verməlidirlər".
News24.az xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində söyləyib. Bildirib ki,XXI əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil. İslahatların əsas məqsədi ondan ibarətdir ki, ölkəmizdə mövcud olan ab-hava daha da sağlamlaşdırılsın, xoşagəlməz hallara yol verilməsin:
"Yeni kadrlar yeni yanaşma gətirirlər, yeni düşüncə tərzi gətirirlər və mən onların fəaliyyətini yüksək qiymətləndirirəm. Eyni zamanda, təqaüdə çıxmış, amma vaxtilə xidməti olmuş kadrları da biz böyük hörmətlə təqaüdə göndəririk. Bu da həm bizim milli ənənələrimizə uyğundur, eyni zamanda, mən hesab edirəm ki, hər bir insana onun gördüyü işlərə görə də qiymət verilməlidir, o cümlədən rəhbərlik tərəfindən. Ona görə hesab edirəm ki, ölkəmizdə bu proses çox hamar gedir".
"Bütövlükdə deyə bilərəm ki, bizim siyasətimiz konseptual xarakter daşıyır və ardıcıllıqla icra edilir. Əgər son 16 ilin tarixinə geniş nəzər salsanız, görərsiniz ki, heç bir addım təsadüfi olmayıb. Hər bir addımın arxasında çox böyük təhlil və böyük məqsədlər dayanır. Beləliklə, kadr islahatları zamanında aparılır. Bəlkə beş il bundan əvvəl bu cür kadr islahatları aparmaq düzgün olmazdı, amma iki il bundan sonra da artıq gec olardı. Ona görə hesab edirəm ki, kadr islahatları, struktur islahatları zamanında aparılır. Ümumiyyətlə, işə yanaşma tərzi dəyişir. Azərbaycan yeniləşir, Azərbaycanın yeni siması ortalığa çıxır, iqtidarın yeni siması ortalığa çıxır - müasir dövrə uyğun, cəmiyyətimizin gözləntilərinə uyğun və bizim inkişaf strategiyamıza uyğun. Hər şey buna bağlıdır. İlk növbədə, bizim milli maraqlarımız, dövlətçiliyimiz, vətəndaşların rahat yaşaması, sosial rifah və kadrlar bu məqsədlərə qulluq etməlidirlər. O kadrlar ki, bu məsuliyyəti dərk etmir, onlar əlbəttə, ən yaxşı halda vəzifədən uzaqlaşdırılır. Yaxud da, onlara qarşı daha ciddi tədbirlər görülür və görüləcək"- deyə dövlət başçısı bildirib.