İntizamsız sürücü 20 faiz daha artıq məbləğ ödəməlidir - Kamran Əliyev
    • 26-12-2019, 15:42
    • 533

İntizamsız sürücü 20 faiz daha artıq məbləğ ödəməlidir - Kamran Əliyev

Azərbaycandan baş verən yol-nəqliyyat hadisələrinin statistik rəqəmləri düzgün qeyd edilmir. Avtosfer.az-ın məlumatına görə, bunu sığorta eksperti Xəyal Məmmədxanlı “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramının icrasının bir illiyinə həsr edilmiş və ekoloji təmiz nəqliyyat vasitələrinin təbliğinə və təşviqinə dair keçirilən ictimai müzakirədə səsləndirib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin statistikasını azaltmaq üçün müəyyən işlər görülməlidir: “2019-cu ilin 11 ayın ərzində 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb. Amma baş verən hadisələrin hamısı qeydiyyata düşmür. Nəticədə, sığorta şirkətlərin tərəfindən bir il ərzində 100 mindən çox yol-nəqliyyat hadisəsi qeydə alınır. Bu, ciddi bir rəqəmdir. Mən təklif edirəm ki, DYP tərəfindən statistika rəqəmlərdə ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi yazılsın”.

Ekspert bildirib ki, bəzi sığorta şirkətləri müəyyən kateqoriya sürücüləri sığortalamaqdan imtina edirlər: “Gün ərzində baş verən yüzlərlə hadisə zamanı sığorta şirkətləri aldıqları hər 100 manatın əvəzində təxminən 130 manat pul ödəyirlər. Bunun nəticəsində onlar bəzi sürücüləri sığortalamaq istəmirlər. Qanun buna imkan verməsə də, “sistem işləmir” və digər bəhanələr göstərməklə həmin avtomobilləri sığortalamaqdan imtina edirlər. Təbii ki, onların imtina etdiyi avtomobillər sabah kiminsə avtomobilin vuracaq və o şəxs məhkəmələrdə sürünəcək”. 
Məsələ barədə Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev açıqlama verib. Onun sözlərinə görə, 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol nəqliyyat hadisəsi qeydə alınıb: “Nəticədə, 738 nəfər ölüb, 1535 nəfər xəsarət alıb. Həmin rəqəmlərdə nə qədər nəqliyyat vasitəsinə maddi zərərin dəydiyi qeyd edilmir. Biz həmişə bildiririk ki, təqdim etdiyimiz statistik məlumatlar yalnız ölüm və xəsarətlə nəticələnən qəzalardır. Maddi zərərlə nəticələn yol-nəqliyyat hadisələri isə yüz minlərlə deyil, 50 mindən bir qədər yuxarıdır”.

K.Əliyev bildirib ki, sığorta şirkəti tərəfindən nəqliyyat vasitəsinin icbari sığortasından imtina edilməsi barədə məlumatı yoxdur: “Hələ mən bir adamdan eşitməmişəm ki, sığorta şirkəti nəqliyyat vasitəsinin icbari sığortasından imtina edir. Sığorta şirkətlərinin vəziyyəti daha yaxşıdır. Daşınmaz əmlakın özünün sığorta məsələsi var. Bu əmlak daha az risk qurupuna aid olduğuna görə sığorta şirkətləri həm daşınmaz əmlakı, həm də nəqliyyat vasitələrini sığortalayacaqlar.

Bu gün nəqliyyat vasitələri sığortalananda o bonuslar nəzərə alınırsa, maluslar (cərimə tətbiqi) nəzərə alınmır? Hansı nəqliyyat vasitələri il ərzində iki-üç dəfə yol-nəqliyyat hadisəsi törətdiyinə görə ona sığorta məbləğini artıq faizlə hesablayırlar? Bu məsələni işləmək lazımdır ki, o sığorta şirkətləri də ziyanda olmasınlar. 

Buna görə də biz İcbar Sığorta Bürosunun rəhbəri ilə də görüşdük. Bu məsələləri də qaldırdıq. Onlar özləri də etiraf etdi ki, problemlərdən biri odur ki, bonusları hesablanır, amma malusları yox. Yol-nəqliyyat hadisəsi törədən şəxslər haqqında büroda informasiya olmadığına görə nəqliyyat vasitəsini sığortalayanda bilmir ki, bu, intizamlı, ya intizamsız sürücüdür.

Bununla bağlı mərkəzi baza yaradılmalıdır. Avtomobillərin icbari sığortası zamanı intizamlı sürücüyə 20 faiz güzəşt olunur. Amma intizamsız sürücüyə 20 faiz daha artıq məbləğ ödətdirilməlidir. Qoy bilinsin ki, onun təqsiri səbəbindən yol-nəqliyyat hadisəsi baş verəndə daha çox sığorta pulu ödəyəcək”. //oxu.az