Oqtay Gülalıyev hər iki gözünü açdı
    • 28-12-2019, 22:41
    • 703

Oqtay Gülalıyev hər iki gözünü açdı

Türkiyənin İstanbul şəhərindəki Amerikan Xəstəxanasında müalicə olunan hüquq müdafiəçisi Oqtay Gülalıyev gözlərini açıb.
News24.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib.
Onun sözlərinə görə, O.Gülalıyev gözlərini açmağa başlayır:
"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi. Artıq hər iki gözünü açmağa başlayır. Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".
Bir neçə gün bundan öncə O.Gülalıyev sağ gözünü də açıb.
Qeyd edək ki, oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da "City Hospital"da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər.
Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyəyə aparılıb və İstanbul şəhərindəki Avrasiya Xəstəxanasına yerləşdirilib.
O.Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva Heydər Əliyev Fonduna təşəkkür edib.
Ailəsi Oqtay Gülalıyevin Amerikan Xəstəxanasına yerləşdirilməsi və orada əlavə tibbi xidmətlərin göstərilməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciət edib. O.Gülalıyevin ailəsinin istəyi nəzərə alınaraq o, Amerikan xəstəxanasına yerləşdirilib. Amerikan xəstəxanasında Oqtay Gülalıyevin beynində hematoma təmizlənməsi və şunt əməliyyatı aparılıb, hazırda isə xəstənin səhhətinin bərpası üzrə müvafiq müalicə davam edir.
Heydər Əliyev Fondunun daxili qaydalarına uyğun olaraq müalicə müəssisəsi hər 10 gündən bir xəstənin səhhəti ilə bağlı Fonda hesabat təqdim edir. Bu hesabatlara əsasən müalicənin dinamikasına uyğun olaraq xəstəyə Fond tərəfindən növbəti göstərilə biləcək kömək barədə qərar verilir.
Amerikan Xəstəxanasından dekabrın 9-da göndərilmiş növbəti 10 günün hesabatına əsasən, koma vəziyyətində olan Oqtay Gülalıyevin ağciyər və qanında infeksiya var və buna uyğun müalicə tətbiq olunmaqdadır. Xəstənin hazırkı vəziyyətini və həkimlərin rəyini nəzərə alan Heydər Əliyev Fondu müalicənin növbəti mərhələsində də müvafiq dəstəyin göstəriləcəyi barədə Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyevanı məlumatlandırıb. Bildirilib ki, Heydər Əliyev Fondu Oqtay Gülalıyevin müalicəsinə kömək göstərmək, ailəsinə bu çətin günlərdə mənəvi dəstək olmağa çalışır.