-
- 4-01-2020, 00:09
- 1 265
Amerikanın öldürdüyü Qasım Süleymani kimdir?
İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsindən sonra mətbuatda bu şəxsə maraq artdı. Bəs Qasım Süleymani kim idi?
News24.az bildirir ki, Qasım Süleymani Əfqanıstandan İraqa qədər İranın bölgədəki siyasətində ən əhəmiyyətli şəxslərdən biri olaraq tanınıb.
ABŞ prezidenti Donald Trampın əmrləri ilə Bağdad Hava limanına edilən hücumda Haşdi Şabinin ikinci şəxsi Əbu Mehdi Mühəndislə birlikdə öldürülən Süleymani, İran lideri Ayətullah Əli Xamenei tərəfindən “canlı şəhid” adlandırılıb.
Birbaşa İran lideri Xameneinin rəhbərliyi altında fəaliyyət göstərən Süleymani 1998-ci ildən bəri İranın xaricdəki hərbi-kəşfiyyat əməliyyatlarına cavabdeh olan Qüds Qüvvələrinin komandanı idi.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2007-ci ildə tətbiq etdiyi beynəlxalq səyahət qadağasına baxmayaraq, Qasım Süleymani bir çox nöqtələrdə, xüsusən də Suriya və İraqda İranın hərbi əməliyyatlarına rəhbərlik edirdi.
Süleymani 2018-ci ilin iyul ayında Trampın İrana qarşı müharibə təhdidlərinə cavab olaraq, “Dünyada görünməmiş hərəkətlə bizi təhdid edirsiniz. Müharibəyə başlaya bilərsiniz, ancaq biz buna son qoyacağıq” söyləmişdi.
O, 1957-ci ildə İranın Əfqanıstan sərhədinə yaxın bir dağlıq bölgəsində, Kirman əyalətinin cənub-şərq əyalətində, qəbilə quruluşlarının üstünlük təşkil etdiyi Rabord kəndində anadan olub. Süleymani atasının dövlətə olan əkinçi borclarını ödəmək üçün uşaqlıqdan inşaat işləri ilə məşğul olub.
Gələcək general orta məktəbi bitirdiyi ildə kənddən çıxıb və İnqilab Keşikçiləri Ordusuna qoşulub.
Sonradan aldığı 45 günlük hərbi təhsil nəzərə alınmasa, o ömrü boyu cəmi 5 illik orta məktəb təhsili ilə kifayətlənib.
İnqilabdan sonra İran-İraq müharibəsindəki xidmətləri ilə diqqəti cəlb edən Süleymani bir çox əməliyyatı uğurla idarə edib. 20 yaşında leytenant rütbəsi ilə 41-ci Sarullah Liqasının komandanlığını götürüb və bu müharibədəki uğurları ilə hərbi karyerasının pillələrinə qalxmağa başlayıb.
İraq müharibəsində kürd liderləri ilə yaxından işləmək Süleymaninin Səddamdan sonra İraqdakı siyasətçilərlə xüsusi münasibətlər qurmasına yaxşı zəmin yaratdı.
Qasım Süleymani təkcə şiələrlə deyil, İraqdakı sünni liderlərlə də yaxşı əlaqələr qururdu. İraqın keçmiş prezidenti Cəlal Talabani də daxil olmaqla bir sıra siyasətçilərlə yaxın əlaqələri olan Süleymani, şiə lideri Muqtada əs-Sədrin digər siyasi qruplarla barışmasına kömək etmişdi. Süleymani İraqın sünni vitse-prezidenti Osama Nuceyfi ilə də yaxın münasibətlər qurmuşdu.
/Oxuaz/