BŞTİ və “British Council”  metodologiya təlimlərinə start verdi
    • 8-01-2020, 11:16
    • 718

BŞTİ və “British Council” metodologiya təlimlərinə start verdi

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Metodologiya təlimlərinə start verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən News24.az-a verilən məlumata görə, metodologiya təlimlərinin keçirilməsində əsas məqsəd müəllimlərin ingilis dilində danışıq səriştəsinin artırılması və onların əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da inkişaf etdirilməsindən ibarətdir.
“British Council” təşkilatı tərəfindən aparılan təlimlər Beynəlxalq Aptist İmtahanının nəticələrinə əsasən Səbail, Suraxanı və Xətai rayonları üzrə müəyyən edilmiş təlim mərkəzlərində keçirilir.

Metodologiya təlimləri boyunca müəllimlər peşəkar görüşlərdə də iştirak edirlər. Görüşlər zamanı müəllimlərin dərsləri müşahidə olunur və təlimçi-fasilitatorlar tərəfindən müəllimlərə tədris prosesinin təşkili istiqamətində inkişafetdirici rəylər verilir.

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. “Uğur üçün tədris” layihəsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının təkmilləşdirilməsi, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin təkmilləşdirilməsi, müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, beynəlxalq təcrübənin yerli arenada tətbiqi sahəsində müəllimlərin peşəkar inkişafı üçün səmərəli platforma yaratmaqdan ibarətdir.