Nazirin işdən çıxardığı direktor xəstəxanaya yerləşdirildi
    • 16-01-2020, 23:19
    • 955

Nazirin işdən çıxardığı direktor xəstəxanaya yerləşdirildi "Başımı hiss etmirəm"

Diplomu saxta olduğu üçün Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə işdən çıxarılan Yevlax şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Xalidə Əzizova xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə Unikal.org-a X.Əzizovanın özü məlumat verib.
O bildirib ki, başında problem yaranıb:
“Başımı hiss etmirəm. Ona görə də Gəncə Mərkəzi Xəstəxanasına yerləşdirildim. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, beyinimdə qan dövranı çatışmazlığı var. Burada müalicəm bir nəticə verməsə, başqa xəstəxanaya müraciət etməyi düşünürəm”.
Keçmiş məktəb direktoru diplomunun saxta olması ilə bağlı məsələyə də münasibət bildirib:
“Bu məlumatı yayan kimdirsə, məndən əl çəkmir. Gördüm belə məlumatlar yayılır, qarşısını ala bilmirəm, əlacsız qalıb, ərizə yazıb, işdən çıxdım. Mən 11 ildir ki, direktor, 38 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşam. Kirovabad (İndiki Gəncə) Pedoqoji İnstitutunun ibtidai sinif müəllimliyi fakültəsini bitirmişəm”.