"Mübariz” operasının premyerası anşlaqla keçdi - FOTO - VİDEO
    • 18-01-2020, 11:54
    • 1 418

"Mübariz” operasının premyerası anşlaqla keçdi - FOTO - VİDEO

Yanvar ayının 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının Mədəniyyət kanalının təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə ithaf olunan və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən “Mübariz” musiqili operasının premyerası anşlaqla keçib.

News24.az xəbər verir ki, Librettosu şair Şahin Musaoğluna, musiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan operanın quruluşçu rejissoru respublikanın Əməkdar artisti İnarə Babayevadır.  Baş rolda çıxış edən Əməkdar artist Ramil Qasımov Mübariz obrazını xüsusi məhatərlə yaratdı.

Digər rollarda Əməkdar artistlər Cahangir Qurbanov və Tural Ağasiyev, Səbinə Ərəbli, Taleh Yahyayev, Şaban Cəfərov, Elçin Əhədzadə, Aydan Həsənova çıxış etdilər.
 
Qeyd edək ki, operanın quruluşçu baletmeysteri Əməkdar artist Ceyhun Qubadov, quruluşçu rəssamı Fərid Nəcəfovdur. Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak etdilər.
 
Zalda opera boyu hökm sürən ruh yüksəkliyi, ara verməyən gurultulu alqışlar, sonda aktyor və bütün tamaşaçılar tərəfindən yekdilliklə səslənən “Azərbaycan, Azərbaycan” nidaları xalqımızın vətənpərvərliyini, şəhidlərə əbədi ehtiramını bir daha sübut etdi.

Şübhəsiz ki, “Mübariz” operası klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun, sarsılmaz mübarizə əzminin formalaşdırılmasında da mühüm rol oynayacaq.