Rauf Arifoğlu: "Deputat maaşımı imkansız tələbələrin təhsilinə sərf edəcəyəm" - VİDEO
    • 23-01-2020, 15:56
    • 961

Rauf Arifoğlu: "Deputat maaşımı imkansız tələbələrin təhsilinə sərf edəcəyəm" - VİDEO

Yanvar ayının 22-də  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu Mehmandarov küçəsində sakinlərlə görüş keçirib.

News24.az xəbər verir ki, görüşdə Rauf Arifoğlu hər kəsi seçki prosesində iştirak etməyə çağırdı. O, bildirdi ki, bəlkə də ötən illərin təcrübəsi ilə seçkidən küsmüsünüz. Ancaq hər şeyi dəyişmək üçün  seçkiyə qatılmaq önəmlidir.

R.Arifoğlu qeyd etdi ki, seçki prosesi başlayandan etibarən bölgəni araşdırıb, öyrənib və dəqiq rəqəmlərlə hər bir problemi bilir: "Mətbuat bir güzgüdür və biz bu güzgünü bir aydır ki, 35 saylı Xətai üçüncü seçki dairəsinə salmışıq. Yazdığımız məsələlərə dövlət operativ reaksiya verir. Bölgədən onlarla reportaj hazırlamışıq, problemləri deyən siz olmusunuz. Son 5 ildə görülən işlərdən daha çox işlər gördürməyə nail olmuşuq. Bilirik ki, abad həyətə ehtiyacınız var, çənlər götürülüb, ancaq su daimi gəlmir. Bloklarda, zirzəmilərdə, dam örtüklərində problem var. Marşrut xətləri yetərli deyil".

Deputatlığa namizəd bildirib ki, əhalinin yaşadığı bütün çətinlikləri əhatə edən platforma hazırlanıb: "Bunu Milli Məclisdə də qaldıracağıq. Seçki platformamızın müəlliflərindən biri sabiq maliyyə naziri Saleh Məmmədovdur. Sizi əmin edirəm ki, 5 ildən sonra vəziyyət tam dəyişəcək. 5 ildən sonra biz daha böyük məsələlərdən - işsizlikdən, Qarabağ məsələsindən danışaq. Ərazidə problemlər həddən artıq çoxdur. Bu, bir deputatın imkanları xaricindədir. Ancaq mən seçkidən sonra da mütəmadi sizinlə görüşlərdə olacağam. Təklif və şikayətlərinizi dinləyəcək, mətbuat olaraq işıqlandıracağıq".

R.Arifoğlunun vəkili, professor Saleh Məmmədov da seçki platformasında qaldırılan məsələləri açıqlayıb, xalqı Rauf Arifoğluna səs verməyə çağırıb.

Deputatlığa namizəd isə əlavə edib ki, xalqın dəstəyi ilə seçilərsə, pensiya yaşının aşağı salınması, uşaqpulunun bərpası, doğuma görə birdəfəlik müavinətin artırılmasını Milli Məclisdə qaldıracaq. Öz deputat maaşını isə bu bölgədən olan imkansız tələbələrin təhsilinə xərcləyəcək.

R.Arifoğlu həmçinin Milli Məclisdə səhiyyədə icbari sığorta məsələsini, xərçəng, şəkərli diabet xəstələrinin pulsuz müalicəsinin reallaşmasını da qaldıracağını deyib. O, qeyd edib ki, xalqdan gələn təklif və tapşırıqlar Milli Məclisdə səsləndiriləcək, aidiyyatı dövlət qurumları qarşısında qaldırılacaq.

R.Arifoğlu seçki prosesi dövründə Xətai rayonunda işıqlandırılan problemlərdən və görülən işlərdən danışıb, növbəti 5 ildə də həm millət vəkili, həm də media olaraq vətəndaşları tək qoymayacağını bildirib.

Həmçinin sakinlərin qeydiyyat probleminin dövlət orqanları qarşısında qaldırıldığını, bu haqda platforma hazırlandığını diqqətə çatdırıb.

Sakinlər bir media rəhbərinin onların seçki dairəsindən namizəd olmasından məmnun olduqlarını deyiblər və bundan yararlanmaq üçün onun deputat seçilməsinin vacibliyini vurğulayıblar. Onlar Rauf Arifoğlunun simasında hər şeyin dəyişəcəyinə inandıqlarını ifadə ediblər. Deputatlığa namizədin onların görüşünə gəlməsini yüksək qiymətləndiriblər. /musavat.com/