"Şaxtalı günlərin sayı azalır" - QIŞIN MÜLAYİM KEÇMƏSİNİN SƏBƏBİ AÇIQLANDI
    • 4-02-2020, 12:55
    • 939

"Şaxtalı günlərin sayı azalır" - QIŞIN MÜLAYİM KEÇMƏSİNİN SƏBƏBİ AÇIQLANDI

"Bu il yumşaq qış müşahidə edilməkdədir. İqlim dəyişmələri nəticəsində Azərbaycanda qış ayları daha mülayim keçir, şaxtalı günlərin sayı azalır".

News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, çoxillik normaya əsasən Bakıda yanvar ayında şaxtalı günlərin orta çoxillik sayı 6 gündür: "Lakin bu qış hələ ki şaxta qeydə alınmayıb, yalnız yanvarın 25-də havanın temperaturu 0 dərəcəyə yaxınlaşıb". 

O qeyd edib ki, 2020-ci ilin yanvar ayında orta aylıq temperatur iqlim normasından 1,6 dərəcə yüksək olub: "Ən isti gün yanvarın 23-də olub və havanın temperaturu müsbət 12,3 dərəcəyədək yüksəlib, lakın rekord göstərici qeydə alınmayıb. Çünki Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvarın 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22,3 dərəcə olub.

Yağıntılara gəldikdə, yağıntıların miqdarı dekabr ayı ilə müqayisədə bir qədər artıb, lakin daha çox yağış yağıb.

Düşən yağıntının miqdarı Bakı və Abşeron yarımadasında 102-179, Yuxarı-Qarabağ zonasında 30-38, Qazax-Gəncə zonasında 17-33, Ağdamda 85, Lənkəran-Astara zonasında 88-181, Neftçalada 221, Quba, Qusar, Qırız, Xaçmaz zonasında 74-90, Qubada 150, Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Mərəzə, Altıağac, Qırız rayonlarında 25-89, Mərəzədə 112, Mərkəzi-Aran rayonlarında 32-89, Beyləqanda 113 faiz təşkil edib.

Son 15 il ərzində havanın orta aylıq temperaturu (2004, 2005, 2007, 2010, 2011, 2013, 2014, 2015, 2016, 2017, 2018) 11 il iqlim normasından yüksək olub.

Havanın orta aylıq temperaturu (2006, 2008, 2009, 2012) 4 il iqlim normasından aşağı olub.

Fevralda havanın orta aylıq temperaturu (2005, 2006, 2008, 2011, 2012, 2014, 2017) 7 il iqlim normasından aşağı olub.

Havanın orta aylıq temperaturu (2004, 2009, 2010, 2013, 2016, 2018, 2019) 8 il iqlim normasından yüksək olub.

Son onilliklərdə fevral ayında ən soyuq gün 2012-ci il fevralın 8-də qeydə alınıb. Həmin gün minimal temperatur Bakıda mənfi 11 dərəcəyədək aşğı enib. Ən isti gün isə 2005-ci il fevralın 28-də 23.2 dərəcə isti olub.

2020-ci il fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə 2, Respublikanın dağlıq və dağətəyi rayonlarında isə 3-4 dərəcə yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün sonunda hava şəraitinin arabir yağıntılı keçəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı, arabir güclənən cənub-qərb küləyinin güclü şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir".