-
- 6-02-2020, 21:57
- 1 992
Polad Bülbüloğlunun yubileyi münasibətilə “Eşq və Ölüm” baleti nümayiş olunub
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor, diplomat, görkəmli ictimai xadim Polad Bülbüloğlunun 75 illik yubileyi münasibətilə bəstəkarın “Eşq və Ölüm” baleti nümayiş olunub.
News24.az xəbər verir ki, səhnə əsərində əsas partiyaları Əməkdar artistlər Cəmilə Kərimova, Makar Ferştandt, Samir Səmədov, Xalq artisti Gülağası Mirzəyev, solistlər Timur Oduşev, Ayan Eyvazova və başqaları canlandırıb.
Səhnə əsəri rusiyalı xoreoqraf Nadejda Malıginanın quruluşunda izlənilib. Balet teatrın baş dirijoru, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.
“Kitabi-Dədə Qorqud” eposunun motivləri əsasında qələmə alınan səhnə əsəri əbədi məhəbbəti tərənnüm edir, qəhrəmanların şücaət və igidliyi qarşısında ölümün gücsüz olduğunu nümayiş etdirir.
İştirakçıların məharətli və peşəkar çıxışı səhnə əsərini daha baxımlı edib, balet maraqla qarşılanıb.
Qeyd edək ki, balet ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2005-ci ildə Vyana Balet Akademiyasının professoru Vakil Usmanov tərəfindən səhnəyə qoyulub.
Səhnə əsəri Bakıda çox böyük uğurla baş tutan premyerasından sonra elə həmin il Moskvada - Rusiya Akademik Böyük Teatrı və Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının səhnələrində təqdim olunub.