“Zaur müğənnilərin ora-burasını kəsdirir, mənim orda nə işim var?" - SAMİR CAVADZADƏ - VİDEO
    • 14-02-2020, 18:10
    • 1 854

“Zaur müğənnilərin ora-burasını kəsdirir, mənim orda nə işim var?" - SAMİR CAVADZADƏ - VİDEO

"Tez-tez efirə çıxıb neyləyim? Əvvəllər mən az-az görünəndə hər kəs bunu mənə irad tuturdu,  amma artıq tamaşaçılar buna öyrəşiblər. Xadiyyətimə bələddilər və məni anlayırlar".

Bu sözləri News24.az-a açıqlamasında müğənni Samir Cavadzadə deyib.

O, bildirib ki, televiyalarda yayımlanan verilişləri bəyənmir: "Bir çox verilişləri bəyənmədiyimə görə, özümü orda görmürəm. Ona görə də efirlərə az-az gedirəm. Düzdür, hər kəsin öz tamaşaçısıı var, amma mən bəyənmirəm. Verilişlər bir-birinə bənzəyir, bu isə xoş deyil. Məni ən çox qıcıqlandıran məqam isə aparıcıların müğənnilər vasitəsilə reytinq qazanmağa çalışmalarıı və onlara qarşı birmənalı olmayan münasibətləridir. Məncə, ağıllı müğənni heç elə verilişlərə getməməlidir ki, sonra peşiman olmasın. İndi sosial şəbəkələr efirləri qabaqlayıblar. İnsanlar "Youtube" kanallarında daha çox reytinq qazanırlar, nəinki televiziyada. Burda efirin günahı böyükdür. Sosial şəbəkədə elədiyini heç vaxt efirdə etməməlisən".

Müğənni aparıcı Zaur Kamal haqda fikirlərini bölüşüb: "Efir və etik qaydalar gözlənilməlidir. Düzdür, mən başa düşürəm ki, söhbət özəl kanallardan gedir, orda bəzi qaydalar qoyulmur, amma yenə də hər şeyə fikir verilməlidir. Zaur Kamal bir neçə dəfə mənə zəng edib verilişinə dəvət edib, hətta israrla deyib ki, səninlə heç bir zarafat, artıq-əskik söhbət eləməyəcəyəm, yetər ki, sən gəl, oxu. Demişəm, "yox". Onun verilişində "əməliyyat" rubrikası var ki, orda müğənnilərin orasını-burasını kəsdirirlər. Mən özümü orda görmək istəmirəm. Ola bilsin ki, Zaur məndən incisin, amma bu, təkçə mənim tənqidim deyil. Sadəcə, bəzi müğənnilər efirdən uzaq düşməkdən, unudulmaqdan qorxurlar, ona görə də ora gedirlər".

S. Cavadzadə bu yaxınlarda qardaşı ilə bağlı yayılan xəbərlərdən söhbət açıb: "Bu məsələ hər zaman birtərəfli qalacaq, çünki mənə aidiyyatı yoxdur. ARB Televiziyası mənim üçün ömürlük bağlandı. Çünki bu məlumat başqa bir televiziyada da getdi, amma onlar məni bununla vurmadılar. Bu mənə olunan hörmətdir. ARB isə o hörməti gözləmədi. Belə şeylər mənim sənətimə zərbə vurmaq üçün  nəzərdə tutulub. Mən heç kimə hesabat vermirəm, çünki bu, şəxsi məsələdir. Siz bu gün bu xəbəri yaydınız, tanımayanlar da tanıdılar, amma nəticə nə oldu? Heç nə! Ancaq mənimlə əlaqəniz kəsildi. İnsanlar başlığa baxırlar. Yazıların içini oxumayıb başlayırlar təhqir yazmağa. Mən də buna yol verməmək üçün  heç kimə cavab vermirəm. Siz nə istəyirsinizsə, onu da düşünün. Mən elə Samirəm. Hər şeyin bir dövrü var.  Ələkdən keçəndə lazımlı insanlar qalacaqlar".
 
İfaçı yeni mahnısından da danışıb: "Yeni mahnımın adı "Boş ver"dir. Hətta bir hissəsini "İnstagram"da paylaşmışam. Yalançı gülüşləri, saxta görüşləri, salamı belə düşünüb verəni boş ver. Bu mahnını orda dediyim hər şeyi görüb oxuyuram. Buna görə də, mahnını ürəyimlə hiss edib səsləndirəcəm. Ətrafımda çox az insan var. Çünki tədricən ətrafımdakı şou-biznes adamlarını seyrəltdim. Düşünürəm ki, belə həyatım daha rahatdır. Çünki mənim üçün ortaq məxrəc deyə bir şey yoxdur, kimisə yola verə, yalandan gülə bilmirəm. Məndə ya "hə"dir, ya da "yox". Gələcəkdə Dilarə Kazımovayla, həm də Nigar Camalla duet oxumağı düşünürəm. Sadəcə, istədiyimiz kimi mahnı tapa bilmirik. Ancaq Samirlə- Dilarə duet oxudu adı olsun deyə, belə bir şeyi istəmirəm. İndi də mahnı qıtlığı var, yaxşı mahnı tapmaq çox çətindir. Demək olar ki, hit yoxdur. İfaçılar çətinlik çəkirlər. Mən istəyirəm ki, mahnım üç aylıq gündəmdə yox, tarixdə qalsın".
 
Cavadzadə "Eurovision" mövzusuna da toxunub: "Neçə gündür fikirləşirəm ki, fevral ayı qurtarmaqdadır, niyə  təmsilçimizin kimliyi bəlli deyil? Bildiyim qədər, Murad Arif ora getmək istəyir, hətta bir neçə dəfə seçimlərə də qatılıb. Məncə, Murad "Eurovision"a getsə, "drayv" tipli mahnı oxumalıdır. Zalı ayağa qaldırıb oynatmaq üçün ritmik mahnı ifa eləməlidir. Ümumiyyətlə isə onu deyə bilərəm ki, Azərbaycanda istedadlı insanlar çoxdur, amma indiki mühit onları incidərək kənara çəkir. Elələri var ki, işləmirlər, onları nəinki televiziyalarda, heç sosial şəbəkələrdə də görmürlər. Onları efir, tamaşaçı tanımır".

Sevda Bayramova
VİDEO: Fərid Şabanov