Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi
    • 27-02-2020, 01:33
    • 909

Narkoloji xəstələrin dövlət hesabına müalicə qaydaları müəyyənləşdi

Nazirlər Kabineti “Dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal Standartları” qərarında dəyişiklik edib.

News24.az xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarda göstərilib ki, narkoloji xəstəliklərə düçar olmuş şəxslərdə bu xəstəliklər nəticəsində onların həyatı üçün təhlükə yaradan hallarda (kəskin psixotik pozuntular, qıcolmalar, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından qat-qat artıq birdəfəlik istifadəsi nəticəsində yaranan komatoz (dərin şüur pozuntusu vəziyyətində) təxirəsalınmaz tibbi tədbirlər, insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsi ilə əlaqədar detoksifikasiyanın keçirilməsi dövlət büdcəsinin vəsaiti hesabına göstərilən narkoloji yardımın minimal standartlarıdır.

Qərarla narkoloji xəstəliklərə düçar olmuş şəxslər dövlət büdcəsinin vəsaiti hesabına fiziki vəziyyətin korreksiyası – ümumi möhkəmləndirici, psixotrop maddələrlə, eyni zamanda metadon hidroxlorid əvəzedici preparatla, psixoloji reabilitasiya, psixoloji korreksiya və psixoterapiya ilə müalicə olunacaqlar.