Məhkəmə aktrisa ilə teatr direktorunun çəkişməsi üzrə QƏRAR VERDİ
    • 4-03-2020, 12:18
    • 810

Məhkəmə aktrisa ilə teatr direktorunun çəkişməsi üzrə QƏRAR VERDİ

Bakı Apelyasiya Məhkəməsində İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teatrın aktrisası Şəbnəm Cəbrayılovanın işə bərpa edilməsi və maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi qərarından verilən şikayətə hakim Aida Hüseynin sədrilyi ilə baxılıb.

Ş.Cəbrayılovanın vəkili Gülşən Salmanova bildirib ki, prosesdə qərar elan olunub.

Qərara əsasən, direktorun şikayəti təmin edilməyib və Nəsimi rayon Məhkəməsinin qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, iddiaya əsasən, ötən ilin avqust ayında Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev əvvəlcədən məlumat vermədən onu işdən azad edib. İşdən çıxarıldığı deyiləndə Ş.Cəbrayılovanın halı pisləşib və uşağı tələf olub.

Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərpa olunmasını, İ.Piriyevdən ona dəyən maddi və mənəvi zərərə görə 50 min manat təzminat tələb edir.

Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edərək, Şəbnəm Cəbrayılovanın vəzifədən azad edilməsinə dair əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əməkhaqqına görə maddi zərərin əvəzinin ödənilməsi barədə qərar çıxarıb.

Xatırladaq ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb.

İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrında direktor vəzifəsində çalışır.