Azərbaycan icması ermənilərin növbəti təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib
    • 9-03-2020, 22:10
    • 884

Azərbaycan icması ermənilərin növbəti təxribatı ilə bağlı Moskva hökumətinə müraciət edib

Moskvanın Azərbaycan icması Rusiyadakı erməni diasporunun növbəti təxribatı ilə əlaqədar Moskva hökumətinə və Rusiya Kinematoqrafçılar İttifaqına müraciət edib.

News24.az xəbər verir ki, icma sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovskiyə və Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkova göndərilən müraciətdə ermənilərin Rusiya paytaxtında Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın “Qayıdış” adlı sənədli filminin təqdimatının ləğv edilməsinin vacibliyi qeyd olunub.

Bildirilib ki, Martın 11-də Vasilyevskaya küçəsində yerləşən Kino Evində keçirilməsi nəzərdə tutulan sənədli filmdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi təhrif olunub, Azərbaycan tərəfi aqresor xalq kimi təqdim olunub, hansı ki, bu, hadisələrin saxtalaşdırılmasıdır:

“Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi erməni silahlıları tərəfindən işğal olunub. Nəticədə çoxlu sayda dinc azərbaycanlı həlak olub, milyondan çox insan evsiz-eşiksiz qalıb. Moskvanın Azərbaycan icması adından sizdən xahiş edirik ki, Rusiyadakı erməni diasporunun çoxmillətli Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcək məlum təxribatının qarşısını almaq üçün tədbirlər görəsiniz”.

Qeyd edək ki, Dağlıq Qarabağda 90-cı illərdə gedən müharibədən bəhs edən, rusiyalı telejurnalist Svetlana Kulçitskayanın hazırladığı “Qayıdış” adlı sənədli film Ermənistan Respublikasının maliyyə dəstəyi ilə çəkilib. Filmdə tarixi Azərbaycan əraziləri Şərqi Ermənistan adı altında göstərilir. Dağlıq Qarabağda ermənilərin 90-cı illərdə müharibə zamanı ordusuz, blokada şəraitində öz “müstəqilliyi” və “azadlığı” uğrunda mübarizə aparmasından bəhs edilir.

Xatırladaq ki, bu ilin yanvarın 26-da da Rusiyadakı erməni diasporu Moskvadakı “Pobeda” kinoteatrında Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olan “Sehrli ölkə-Aran” adlı filmi nümayiş etdirməyə cəhd edib. Lakin Moskvadakı Azərbaycan İcmasının Moskva hökumətinə müraciətindən sonra filmin nümayişi təxirə salınıb.