“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində işləyəcək
    • 14-03-2020, 19:45
    • 1 251

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində işləyəcək

"ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri xüsusi iş rejimində fəaliyyət göstərəcək.


News24.az xəbər verir ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilən əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 2020-ci il 13 mart tarixli məlumatı, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti 2020-ci il martın 15-dən 19-dək məhdudlaşdırılır.


Dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 108 “Çağrı” mərkəzi vasitəsilə qəbul ediləcək. Müraciətdə sorğu edilən xidmətin zəruri olması müəyyən edildikdə, vətəndaş aidiyyəti “ASAN xidmət” mərkəzinə yönləndiriləcək və ya ona səyyar xidmət göstəriləcək. Vətəndaşları qəbul edəcək mərkəzlər və səyyar xidmət göstərəcək əməkdaşlar insan hərarətini ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin ediləcəklər.


15-19 mart tarixlərinə sənədlərinin hazır olacağı barədə əvvəlcədən məlumat
verilən vətəndaşlar mərkəzlərə yaxınlaşaraq sənədlərini əldə edə bilərlər.


Bundan əlavə, vətəndaşlara “Elektron hökumət” portalında (https://e-gov.az) mövcud olan elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir