"Azərsu" gücləndirilmiş iş rejimində ÇALIŞACAQ
    • 19-03-2020, 15:41
    • 968

"Azərsu" gücləndirilmiş iş rejimində ÇALIŞACAQ

Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq artıq Cəmiyyətin inzibati binasında, eləcə də tabeliyində olan müəssisə və təşkilatlarda mütəmadi profilaktik işlər həyata keçirilir. Binaların dəhlizləri, iş otaqları dezinfeksiya edilir və xüsusi antiseptik vasitələrlə təmin edilir. 

"Azərsu" ASC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktik tədbirlər haqqında “Azərsu” ASC sədrinin əmrinə əsasən, Cəmiyyətdaxili kütləvi tədbirlər ləğv edilib, təlim-tədris mərkəzinin fəaliyyəti dayandırılıb, vətəndaşların qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilib, işçilərin ölkədaxili və xarici ezamiyyələri məhdudlaşdırılıb. 

Bu müddətdə iş yerlərinə kənar şəxslərin, o cümlədən işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılıb və belə görüşlərin məsafədən təşkili təmin edilib. Vətəndaşların müraciətləri telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC tam gücləndirilmiş iş rejimində çalışacaq. Əhalinin dayanıqlı və təhlükəsiz içməli su ilə təminatı məqsədilə Cəmiyyətdə sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub və qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. 

Tabeli təşkilatlarda iş ahənginin pozulmaması şərtilə işçilərin işə çıxmasına məhdudiyyətlər qoyulacaq. 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar müşahidə edilən işçilər işə cəlb edilməyəcək.

955 Zəng mərkəzi bayram günlərində vətəndaşların müraciətlərini fasiləsiz qəbul edəcək, Cəmiyyətin facebook səhifəsindən edilən hər bir müraciət nəzarətə götürüləcək. Qəza, metrologiya xidmətlərinin fasiləsiz və  operativ fəaliyyəti təmin ediləcək.